Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə
bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bəyanatda deyilir: “26
fevral 2022-ci il tarixində, Ermənistanın Azərbaycana qarşı
təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda
törədilmiş soyqırımın 30-cu ildönümü tamam olur. Ermənistanın
Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı
dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri və Birinci
Qarabağ müharibəsinin ən faciəli səhifəsi Xocalı şəhərinin
dağıdılması və onun sakinlərinin soyqırımına məruz qalması
olmuşdur. Münaqişədən əvvəl Azərbaycanın Qarabağ bölgəsində
yerləşən Xocalıda 7000-dən çox insan, kişilər, qadınlar, uşaqlar,
ailələr yaşayırdı.

1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı
qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca
Ermənistan silahlı qüvvələri, keçmiş SSRİ-nin əksəriyyətini
ermənilər təşkil edən 366-cı moto-atıcı alayının köməyi ilə
Xocalıya nəzarəti zorla ələ keçirdilər. İşğalçılar Xocalını
darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin
soyqırımını törətdilər.

Şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu. 613 nəfər, o
cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşicəsinə öldürüldü. 1275
insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı, 487 nəfər
müxtəlif dərəcəli bədən xəsarətləri aldı. 150 nəfərin, o cümlədən
68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan
silahlı qüvvələrinin bu hərəkətləri ailələri parçaladı. 8 ailə
tamamilə məhv edildi. 130 uşaq valideynlərdən birini, 25 uşaq isə
valideynlərinin hər ikisini itirdi.

Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi
Ermənistanda dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara
qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən irəli gəlir.
Bu, günahsız insanların sadəcə etnik mənsubiyyətinə görə
öldürülməsinə səbəb oldu. Xocalıda törədilən cinayətlər
Ermənistanın azərbaycanlılara qarşı sistematik zorakılıq
siyasətinin tərkib hissəsi olub.

Xocalı qətliamı və Ermənistanın Azərbaycan Respublikasına
təcavüzü zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi
cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı insan hüquqları
və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Buraya
Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani,
yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı
Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi
haqqında beynəlxalq Konvensiya və digər beynəlxalq konvensiyaların
pozulması daxildir.

Hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın
24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk
Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və
bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən
çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.


Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli
qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə vəhşilikləri
törədənlərin davranışını “müharibə cinayətləri və ya insanlıq
əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağırlıqlı hərəkətlər”
kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

Beynəlxalq hüquqa əsasən dövlətlər, Ermənistan silahlı qüvvələri
tərəfindən Xocalıda törədilən vəhşilik kimi, cinayətləri araşdırmaq
və cinayətkarları mühakimə etmək öhdəliyi daşıyırlar. Lakin bu
günədək, Xocalıda törədilən cinayətlərə görə məsuliyyət
daşıyanların heç biri Ermənistan tərəfindən cinayət məsuliyyətinə
cəlb edilməyib.

Öz təqsirini etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri
və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de
Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar
düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən
xalqdır. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ:
Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu York və
London, Nyu-York Universiteti Nəşriyyatı, 2003, səhifə 172).

Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə hədəfə alınması
Ermənistan tərəfindən 27 sentyabr – 10 noyabr 2020-ci il
tarixlərində aparılan hərbi əməliyyatlar zamanı da davam etdirildi.
Döyüş əməliyyatların getdiyi cəbhə bölgəsindən xeyli aralıda
yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki
əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan
Ermənistan, 1992-ci ildə olduğu kimi eyni qəbildən olan terror
taktikasına əl atdı. Ermənistan bu dəfə müasir növ zirehli
silahlar, raket qurğuları və kaset sursatlarından istifadə edərək
növbəti dəfə qanunsuz olaraq dinc azərbaycanlı əhalini hədəfə
alaraq qətlə yetirdi.

Azərbaycan Respublikası inanır ki, milli səviyyədə, eləcə də
mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər
cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı
təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan
şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət
edəcək.

Xocalı faciəsinin qurbanlarını milli yaddaşımıza həkk edir və
onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin”.

Teqlər: