Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına cavab verib

Ermənistan XİN-in növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu
bəyanatını rədd edir, iki dövlət arasında normallaşma addımlarının
atılması qərarları verildiyi bir vaxtda Ermənistan tərəfinin
dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq.

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin Ermənistan XİN-in 10 aprel 2022-ci il tarixli bəyanatına
dair şərhində deyilir.

“1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq,
bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına
pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o
cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə
yetirən, hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir
hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın
azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi
çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan
Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən
danışır?!

Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq
edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə
müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu
bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh
şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir. Ermənistanın
seçimindən asılı olmayaraq, Azərbaycan öhdəlikərinə və beynəlxalq
hüquqa uyğun olaraq, beynəlxalq sərhədləri çərçivəsində inkişaf və
tərəqqiyə doğru addımlarını davam etdirəcəkdir”.

Teqlər: