Xarici işlər nazirinin müavini Finlandiyaya səfər edib (FOTO)

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz
Rzayev 20-21 may 2022-ci il tarixlərində Finlandiya Respublikasına
işgüzar səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Səfər çərçivəsində
Finlandiya xarici işlər naziri Pekka Haavisto, Finlandiya
Parlamentinin 1-ci vitse-spikeri Antti Rinne, Finlandiya
Prezidentinin diplomatik müşaviri Petri Hakkarainen və Xarici İşlər
Nazirliyinin dövlət katibi Matti Anttonen ilə görüşlər keçirilib.
Görüşlər zamanı Azərbaycan və Finlandiya arasında diplomatik
əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə həyata
keçirilən bu səfərin və paytaxtlarda nəzərdə tutulan mədəniyyət
tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib, ikitərəfli
münasibətlərin hazırkı durumu və gələcək inkişaf perspektivləri
müzakirə edilib, xüsusilə təhsil və iqtisadiyyat sahələrində mövcud
olan potensial vurğulanıb, habelə Cənubi Qafqazda post-münaqişə
dövründə gedən proseslər, regional və beynəlxalq mövzular ətrafında
geniş fikir mübadiləsi aparılıb.

Fin Beynəlxalq Məsələlər İnstitutu (FİİA) və Martti Axtisaari
Sülh Fondunun rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi
masalarda post-münaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma
prosesləri, eləcə də hazırda aktuallıq kəsb edən beynəlxalq və
regional məsələlər təhlil edilib, ölkəmizin mövqeyi həmsöhbətlərin
diqqətinə çatdırılıb.

Səfər çərçivəsində, Azərbaycan və Finlandiya arasında diplomatik
əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə nazir müavini
Fariz Rzayev və XİN-in dövlət katibinin müavini Nina Vaskunlahtinin
iştirakı ilə Helsinkinin Musiikkitalo Sarayında İsfar Sarabski Caz
Triosunun konserti və diplomatik qəbul keçirilib.

Teqlər: