Azərbaycan Paralimpiya Komitəsi bir sıra ölkələrin müvafiq qurumları ıilə anlaşma memorandumu imzalayıb (FOTO)

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti
İlqar Rəhimovun Syerra-Leoneyə səfəri çərçivəsində bu ölkənin,
eləcə də Qvineya və Liberiya Paralimpiya Komitələrinin rəhbər
heyəti ilə görüşü baş tutub.

Komitədən Trend-ə verilən məlumata görə, görüş iştirakçıları
Milli Paralimpiya Komitələrinin fəaliyyətləri, ölkələrində idmanın
inkişafı haqqında məlumat vermişlər, gələcək əməkdaşlıq mövzusunda
geniş müzakirələr etmişlər.

Komitə prezidenti İlqar Rəhimov milli paralimpiya komitələrinin
davamlı inkişafını təmin etmək məqsədilə digər dövlətlərin
paralimpiya komitələri, müvafiq dövlət qurumları, eyni zamanda
beynəlxalq təşkilatlarla sıx əlaqədə olmalırını tövsiyə
etmişdir.

Eyni zamanda tədbirdə görmə məhdudiyyətli şəxslərin idmana cəlb
edilməsi, Liberiya və Qvineyanın da tezliklə IBSA üzv olmaları
müzakirə edilmişdir.

Daha sonra Azərbaycan, Syerra-Leone, Qvineya və Liberiya
Paralimpiya Komitələri arasında anlaşma memorandum imzalanmışdır.
Memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlığı və təcrübə
mübadiləsini əhatə edir.

Görüşdə Syerra-Leone Olimpiya Komitəsinin, idman
federasiyalarının nümayəndələri, eləcə də tanınmış idmançılar da
iştirak etmişlər.

Teqlər: