Xarici investorlar Azərbaycandakı fabriklərin iş imkanlarını öyrənəcəklər

Xəbər - Humay Ağacanova – Trend:

Beynəlxalq Biznes Forumu (IBF) vasitəsilə Azərbaycan və Türkiyə əməkdaşlığını daha da inkişaf etdirəcəyik.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı Bakıda keçirilən 25-ci IBF forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu forum ilə Azərbaycan və Türkiyə arasında yeni bir iqtisadi mərhələ başlayacaq:

“İş adamları Azərbaycanda fabrikləri ziyarət edəcək və bu obyektlərin imkanları ilə yaxından tanış olacaqlar. Qarabağın yenidənqurma və bərpası və iqtisadi inkişaf sahələri ən doğru formada dəyərləndiriləcək”, – deyə MÜSİAD sədri bildirib.

Qeyd edək ki, bu gün Bakıda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumu (IBF- International Business Forum) işə başlayıb.

Tədbirdə bir sıra ölkələrdən iş adamları və dövlət xadimləri iştirak edir.

Tədbirdə iştirak etmək üçün Türkiyədən 550 iş adamı gəlib. Forum zamanı Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri, investisiyalar və digər məsələlər müzakirə olunur.

IBF-in rəsmi media tərəfdaşları Trend BİA, Day.azturkic.world media layihəsidir.