Xankəndidəkilərlə “qeyri-formal əlaqə” qurulur? Necə?

Xankəndidəkilərlə “qeyri-formal əlaqə” qurulur? Necə?

Praqada dördtərəfli görüş fonunda əsas diqqətçəkən məqamlardan biri də Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində Qarabağda yaşayan ermənilərlə bağlı dedikləri idi.

– Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla;

– Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq.

Prezidentin bu iki fikri “nəyə hesablanıb və hansı addımlar planlaşdırılır” məsələsini ön plana çıxarır.

Əliyev müsahibəni dördtərəfli görüşün birinci hissəsindən sonra verdi. İstisna deyil ki, görüşün birinci hissəsində Qarabağdakı etnik ermənilərin hüquqlarını təsbit etməyə hesablanmış hansısa məsələləri masaya gətirmək istəyiblər, Ermənistanla yanaşı, Fransanın masada mövcudluğu da bu ehtimalı artırır, hərçənd, Prezident bundan qəti şəkildə imtina edib və görüşdə sərgilədiyi mövqeyi ictimaiyyətlə də paylaşdı.

“Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq” açıqlamasının məqsədi də elə “Qarabağ daxili işimizdir” mövqeyinin praktiki tərəfinə diqqət çəkmək idi.

Hərçənd, bu proseslərdə müəyyən məsələlərə aydınlıq gətirilməsinə ehtiyac var, xüsusilə Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələrin Nikol Paşinyanın “Bakı və Xankəndi arasında əlaqələr qurulmalıdır” açıqlaması fonunda yaratdığı ziddiyyətə.

İrəvanın bu mövqeyində birdən çox məqsəd var:

– Ermənistan hakimiyyəti Qarabağdakı ermənilərdən xilas olmaq niyyətindədir və Paşinyan bunu gizlətmir: bununla sülh müqaviləsini imzalamaq imkanı qazanır, eyni zamanda, separatçıların taleyini Rusiyanın üzərinə qoyur;

– “Bakı-Xankəndi formatı”nı gündəmə gətirməklə separatçıların “tərəfə” çevirilməsi imkanını da nəzərədən keçirir.

Bu kontekstdə Qarabağda yaşayan ermənilərlə qeyri-formal əlaqələr “separatçıları tərəfə çevirə bilərmi” sualını yaradır. Bunun birmənalı cavabı var: Xeyr.

Təkcə ona görə yox ki, “status”, yaxud buna kiçik də olsa imkan yarada biləcək məsələlərlə bağlı rəsmi Bakının mövqeyi ən yüksək səviyyədə bəllidir, eyni zamanda, Qarabağda kimlərləsə “tərəf” kimi masaya əyləşmək Azərbaycanın dövlət quruluşuna ziddir və müharibə bu kimi ssenariləri tamamilə sıradan çıxarıb.

O zaman sual yaranır: Əliyevin dediyi “qeyri-formal əlaqələr”lə Paşinyanın dediyi “Bakı-Xankəndi formatı” arasında fərq nədir?

Birincisi, hər iki tərəfin bir-birinə “yaxın görünə biləcək” mövqeyi siyasi xarakter daşıyır: İrəvana masadan çıxarılan Qarabağ məsələsində “mübarizə apardığını” əsaslandıracaq və daxili auditoriyanın ağzına atacaq “yem” lazımdır; Bakıya Qarabağ məsələsinin daxili işi olduğu faktının bütün beynəlxalq oyunçular tərəfindən qəbul edilməsi, sülh müqaviləsində bu məsələnin ümumiyyətlə gündəmə gəlməməsi lazımdır;

İkincisi, söhbət “qeyri-formal” əlaqələrdən gedir, yəni müzakirə mövzusu siyasi yox, ictimai-humanitar məsələlərdir və bunu siyasətçilər yox, ölkənin daxili sabitliyini təmin edən güc strukturları – Daxili İşlər Nazirliyi, yaxud Dövlət Təhlükəsizlik Xidməti apara bilər; Prezidentin açıqlaması da təsdiq edir ki, indiyə qədər “qeyri-formal əlaqələr” müəyyən qədər qurulub, bunun fonunda erməni mənbələrin təmasların Azərbaycanın güc strukturları tərəfindən həyata keçirildiyinə dair məlumatları yada düşür.

Bunun əksi – təmasların siyasi səviyyədə qurulması müzakirə mövzusu ola bilməz.

Bu təmaslar niyə vacibdir?

Xankəndidə bayrağımızın dalğlanmasının iki yolu var:

a) Hərbi əməliyyatla bölgəni təmizləmək;

– Rusiya sülhməramlılarının bölgədə olması bu imkanı azaldır;

– Bunun baş verməsi Azərbaycana qarşı “soyqırım” ittihamlarını və bu ittihamların rəsmiləşməsi risklərini aktuallaşdırır;

– Antiterror əməliyyatı ilə separatçıları və qalıqları təmizlənsə belə, erməni əhalini vətəndaşlığı qəbul etməyə sövq etmək güc yolu ilə çətin olacaq;

– Belə bir addım Ermənistanın “Qarabağ münaqişəsi”nin başlanması səbəbi kimi göstərdikləri “etnik münaqişə” ssenarisinin yenidən təkrarlanmasına gətirib çıxara bilər;

– Və nəhayət, istədiyimiz “birgəyaşayış planı” baş tutmaya, bölgədə maraqlı tərəflərin əlinə “əsas” verə bilər: bu, həm də rus qüvvələrin bölgədə daha uzunmüddətli qalması perspektivini gücləndirər;

b) Erməni əhali ilə təmaslar qurmaq, birgəyayışın bünövrəsini formalaşdırmaq; Azərbaycanın hədəfi budur və Qarabağda erməni əhalisinin ən azı müəyyən hissəsinin vətəndaşlığımızı qəbul etməsi, yaxud buna isti münasibəti vəziyyəti dəyişdirəcək; bu, Azərbaycana imkan verə bilər ki, zərurət yaranarsa, öz vətəndaşlarının müdafiəsi məqsədilə separatçı-terrorçulara qarşı əməliyyatlar da həyata keçirsin;

Bizim hədəfimiz erməni əhalisi ilə separatçı-terrorçuları bir-birindən ayırmaqdır.

Teqlər: