Cənab Prezidentin dünən AB-nin Şərq Tərəfdaşlığı üzrə təmsilçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə verdiyi mesajlar bir neçə istiqamətdə kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Çünki həm regional, həm də beynəlxalq siyasətin konturlarını müəyyən etmək üçün orada çox mühüm tezislər mövcuddur.
Bu sözləri AzerTimes-a açıqlamasında STM rəhbəri, millət vəkili Zahid Oruc deyib.
Millət vəkilinin sözlərinə görə, hazırda İkinci Dünya müharibəsindən və SSRİ-nin süqutundan sonra formalaşan beynəlxalq münasibətlər sistemi çökür, yeni siyasi ittifaqlar, alyanslar, hərbi birliklər meydana çıxır:
“Belə bir şəraitdə Azərbaycan və Avropa münasibətləri daha real məzmun daşımağa başlayır. Ona görə də İlham Əliyev AB ilə imzalanan sazişin üzərində aparılan işin doxsan faizinin artıq yekunlaşdığını bildirdi, geri qalan işlər isə Azərbaycanda Qərbdəki iqtisadi şərtlərin bərqərar olması, əmək sahəsində öhdəliklər və s. ilə bağlıdır. Azərbaycanın burada özünün milli maraqlarını prinsipial formada irəli sürməsi başadüşüləndir. Çünki bölgədə biz müxtəlif dövlətlərlə güclü iqtisadi əlaqələrə malikik. Qərblə münasibət bütün digər əlaqələrdən imtina edilməsi demək deyil”.
Millət vəkili qeyd edib ki, ölkə başçısının belə bir görüşdə Ruben Vardanyanın şəxs kimi özünə və üzərində qurulan planlara verdiyi qiymət çox mühümdür:
“Vardanyanın ifasında əvvəlcə Xankəndidəki ermənilərin təşkilatlandırılması, birləşdirilməsi, ardınca onun Ermənistana transfer edilərək Paşinyanın yerinə gətirilməsi ssenarilərinin masa üstündə olması mümkündür. Hər bir halda təhlillər onu göstərir ki, Vardayanın Paşinyanın gəldiyi kimi İrəvanın küçələrindən siyasi dövriyəyə buraxılması mümkün olmadı. Çünki erməni cəmiyyəti onu, belə demək mümkündürsə, gül-çiçəklə qarşılamır. İlham Əliyevin qeyd etdiyi kimi, o, rus xalqının vergilərini oğurlamaq hesabına böyük vəsait yığıb və bir milyard dollardan artıq kapitalının olduğu deyilir. Şübhəsiz ki, bu vəsait yalnız onun ola bilməz, burada Rusiya elitasının payı var. Buradan belə bir nəticə çıxır ki, əgər hədəf həqiqətən Ermənistandırsa, bunu fərqli ssenarilər ilə gerçəkləşdirə bilərlər”.
Millət vəkili AB nümayəndəsi ilə görüş zamanı ölkə başçısının dövlətimizin sülh müqaviləsinə baxışını ortaya qoyduğunu, kənardan ixrac olunan heç bir qüvvənin qələbədən sonra əldə olunan nəticələri dəyişdirmək gücünün olmadığını vurğulayıb:
“Dünən parlamentdəki çıxışımda büdcədə əsas məsələlərdən biri kimi həm də Xankəndi və ermənilərin yaşadığı digər üç bölgənin bütün infrastruktur, logistika sahələrində və eyni zamanda digər məsələlərdə ölkəmizdəki ümumi iqtisadi, siyasi və sosial proseslərə inteqrasiya edilməsi üçün müxtəlif fəaliyyət planlarının nəzərdə tutulmasının mümkünlüyünü bildirdim. Ermənistanın sayı dəfələrlə azalan (30 min civarında qaldığı bildirilir – red.) kiçik bir icmaya ayırdığı vəsaiti iki dəfə artırdığı bir şəraitdə ölkəmizin ərazi bütövlüyünü tanıyan, heç bir cinayət törətməyən, Azərbaycanın vətəndaşlığını almaq istəyən Qarabağdakı ermənilərlə bağlı müxtəlif addımlarımız olacaq. Bölgəyə kənardan ixrac edilənlər isə heç cür vəziyyəti dövlətimizin əleyhinə dəyişə bilməzlər. Vardanyan Xankəndinin ovuc boyda ərazi olduğunu dərk etmir. Belə bir şəraitdə orada hansısa qeyri-adi hərbi istehkamlar quraraq nəyisə dəyişdirmək əsla mümkün deyil. Azərbaycan həmin ərazilərin landşaftını, belə demək mümkünsə, infrastruktur müharibəsi baxımından dəyişdirir. Gördüyünüz kimi, yeni otuz iki kilometrlik yol meydana gəldi və bu, Laçın dəhlizindən tamamilə fərqlidir və ona artıq yeni Laçın dəhlizi adını da vermək olmaz. Beynəlxalq aləmin Azərbaycana düşmən olan hissəsi də İlham Əliyevin tanksız, topsuz, döyüşsüz üç ildən də qısa müddətdə onların silah dəhlizi, müharibə dəhlizi kimi istifadə etdiyi xətti bağlayacağından narahatdır. Separatçıların özünü “xarici işlər naziri” kimi elan edən nümayəndəsi David Babayan da İlham Əliyevin yol siyasəti ilə Xankəndi və ətrafını mühasirəyə aldığını, əl-qollarının bağlandığını deyib. Ölkə başçısı həm ABŞ, həm Rusiya, həm Türkiyə, həm də digər bölgə dövlətləri üçün Azərbaycanın sülh variantını açıq şəkildə tam gündəmə gətirir. İlham Əliyev Paşinyanın həddini aşan “Əl-Qaidə” və İŞİD bənzətməsinə sərt cavab verdi, bununla yanaşı dövlətimizin sülh müqaviləsinə baxışını göstərdi. Əminəm ki, Qərb də sözügedən faktorları və Azərbaycanın qələbədən sonra regionda güclənən mövqeyini nəzərə alıb ona görə addımlar atacaq”.