Xalqın əbədi sevgisini qazanan Ulu Öndər Heydər Əliyev!

“Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin
rəhbərliyi altında uzun illər məsul vəzifədə çalışmışam və bu gün
də onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti –
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm”.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi
məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm
Əliyev

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət
işləməyim, eləcə də onunla şəxsi tanışlığım mənim üçün böyük şərəf
və qürurdur. 10 May – Ümummilli Liderin doğum günündə fürsətdən
istifadə edərək Heydər Əliyevlə bağlı daim xatirələrimdə yaşayan ən
mühüm məqamları bölüşmək istərdim.

1990-cı ilin iyulunda, Azərbaycan tarixinin və dövlətçiliyimizin
ağır günlərində, həyatı boyu qəlbi Vətəni və xalqı ilə döyünən dahi
şəxsiyyət Heydər Əliyev əsl vətənpərvər kimi qətiyyət göstərərək
Moskvadan Bakıya qayıtdı. Həmin o günlərin və görüşlərin
iştirakçısı kimi Ulu Öndərimizlə ilk tanışlığımız yarandı.

Məlum olduğu kimi, həmin dövrdə ölkədə vəziyyət olduqca gərgin,
ziddiyyətli şəkil almışdı. Müəyyən qüvvələr öz maraqları naminə
vəziyyətdən sui-istifadə edir və demək olar ki, proseslər
idarəolunmaz hala çatmışdı. Bu kritik dönəmdə Ulu Öndər xalqın
yanında olmağa qərar verdi və özünün həyat fəlsəfəsini belə izah
edirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim
Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi,
mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi
yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da
mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin
edib.”

Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının rəhbəri olduğu illərdə Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi üçün mühüm qərarlar qəbul
etdi

O zaman Naxçıvan da ağır günlər keçirirdi. Sərhədyanı kəndlər
ermənilərin mütəmadi hücumlarına məruz qalır və qarət olunurdu.
Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi
və siyasi böhran dərinləşmiş, təxribatlar baş alıb gedirdi. Ulu
Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının rəhbəri olduğu
illərdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mühüm
qərarlar qəbul etdi. Heydər Əliyevin Naxçıvan Muxtar
Respublikasında region dövlətləri ilə əlaqələr yaratması və xalqı
öz ətrafında birləşdirərək erməni təcavüzünə qarşı müqavimət
hərəkatına bacarıqla rəhbərlik etməsi mürəkkəb hərbi-siyasi
şəraitdə Naxçıvanı işğaldan qorudu.

Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək:
“Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll
edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və
naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər,
Naxçıvanın taleyi çox ağır ola bilərdi. Ancaq naxçıvanlılar həmişə
olduğu kimi müdrikliyini göstərərək Ulu Öndərin ətrafında yumruq
kimi sıx birləşdilər və həm erməni işğalına tutarlı cavab verdilər,
onları yerində oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə
də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o
məkrli ssenari keçməyəcəkdir.”

Həmin günləri mən çox yaxşı xatırlayıram. Mən o illərdə
dəfələrlə Bakıdan Naxçıvana Ulu Öndərin yanına gedir, ölkədə
cərəyan edən siyasi proseslər barədə fikir mübadiləsi aparır və
dəyərli məsləhətlər alırdım.

Mən çox xoşbəxt insanam ki, Ümummilli Liderin rəhbərliyi altında
uzun illər məsul vəzifədə çalışmışam və bu gün də onun layiqli
davamçısı Azərbaycan Respublikasının Prezidenti – Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi altında fəaliyyətimi davam etdirirəm.

Azərbaycan xalqı əmin idi ki, müstəqilliyini yenicə
bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa
qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir

XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa
müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin
iyununda ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatdı, xaos
və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə
çatdırılmış qarşıdurma dövlət müstəqilliyimizi itirmək təhlükəsi
yaratdı. Həmin dövrdə hüquq-mühafizə orqanlarında çalışdığımdan
hadisələrin yaxından iştirakçısı kimi deyə bilərəm ki, bütün bunlar
liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət
vermək, gələcəyi görmək bacarığından məhrum olan, adi vəziyyətdən
belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin ölkəyə rəhbərlik
etməsinə görə baş verirdi. Prosesləri düzgün qiymətləndirə və
lazımi məcraya yönəldə bilməyən hakimiyyət əhali arasında
gündən-günə nüfuzunu itirirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin
mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük
təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının
əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan
kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə
malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və
bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması,
ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun
ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən
saldı, xalq özü saldı”.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının
işğalı, günü-gündən gərginləşən siyasi vəziyyət, əhalinin
acınacaqlı sosial durumu ölkəmizi bu bəlalardan xilas edə biləcək,
xalqı öz arxasınca aparmağa qadir olan Liderə və Şəxsiyyətə ehtiyac
olduğunu zəruri edirdi. Azərbaycan xalqı əmin idi ki,
müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz
vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.
Beləliklə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqın
təkidli çağırışlarına səs verərək Bakıya qayıtdı. Həmin tarixi
anların iştirakçısı kimi deyə bilərəm ki, bu qayıdış sözün əsl
mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu. İyunun 15-də Ulu
Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və
xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Tarixə
nəzər salsaq görərik ki, xalqların tarixində elə günlər vardır ki,
həmin günlərdə onun gələcəyini müəyyən edən təməllərin əsası
qoyulub. Bu tarix isə Azərbaycanın müstəqilliyinin qorunub
saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol
oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan, müdrik
insan və dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu
ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”,
– deyən
Ümummilli Lider ölkədə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar
olunmasına nail oldu.

Dövlətinə və xalqına bağlı olan milli kadrların bir
çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz qalmış və
həmin illərdə hüquq-mühafizə orqanlarından xaric
olunmuşdular

Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, respublikada
ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini
qoydu.

Burada bir məqamı xüsusi ilə vurğulamaq istərdim. Umutmamalıyıq
ki, bütün bunlar asanlıqla başa gəlməmişdir. Ölkədəki
hərc-mərcliyin və anarxiyanın qarşısını almaq böyük cəsarət və
gərgin iş tələb edirdi. Müstəqillikdən sonra ölkəyə rəhbərlik etmiş
şəxslər öz yarıtmaz əməlləri ilə bütün sahələrdə ciddi problemlər
yaratmış, ölkəni dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular.
Əhali arasında sosial narazılıqlar son həddə çatmışdı. Uzun illər
ərzində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə
çalışdığıma görə, vəziyyətə yaxından bələd olduğum üçün deyə
bilərəm ki, ölkədə kriminogen vəziyyət nəzarətdən çıxmış, cinayət
əməlləri baş alıb gedirdi. Dövlətinə və xalqına bağlı olan milli
kadrların bir çoxu mənim kimi siyasi əqidəsinə görə təqiblərə məruz
qalmış və həmin illərdə hüquq-mühafizə orqanlarından xaric
olunmuşdular. Ölkədə siyasi sabitliyin bərpa olunması, vətəndaş
həmrəyliyinin formalaşdırılması, ordu quruculuğu, cinayətkarlıqla
mübarizə və sair bu kimi həyati vacib sahələrə peşəkar və sadiq
kadrların cəlb olunması və islahatların aparılması böyük
çətinliklər yaradırdı.

Lakin, bütün bunlara baxmayaraq, Ulu Öndərin fədakar zəhməti
hesabına ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma
səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma
təhlükəsindən xilas oldu və Azərbaycan gələcəyə inamla baxan
qüdrətli bir dövlətə çevrildi. Xalqın əbədi sevgisini qazanan Ulu
Öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi,
sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı
bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət
müstəqilliyimizi yenidən bərqərar etdi. Ümummilli Liderin
şəxsiyyəti, onun siyasi idarəetmə qabiliyyəti, xarizması,
qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu.

Ulu Öndər əminliklə bildirirdi ki, işğal altında
qalan torpaqlarımız gec-tez düşməndən azad olunacaq və bu Heydər
Əliyevin ən böyük arzusu idi

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə
baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin
möhkəmlənməsində və beynəlxalq aləmdə xalqımızın strateji
mənafelərini təmin olunmasında həlledici rol oynadı.

İlk növbədə, diplomatik vasitələrlə 1994-cü ilin may ayında
həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Ulu Öndər Heydər
Əliyev Milli Ordunun formalaşması, Azərbaycanın milli mənafelərini
qorumağa qadir olan Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın
müdafiə olunması ilə bağlı mühüm addımlar atdı. Bütün gücünü və
diqqətini ordu quruculuğuna yönəldən Ulu Öndər əminliklə bildirirdi
ki, işğal altında qalan torpaqlarımız gec-tez düşməndən azad
olunacaq və bu Heydər Əliyevin ən böyük arzusu idi.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyev Heydər Əliyevin ideyalarını layiqincə yerinə
yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar apardı. 44
günlük Vətən müharibəsində mükəmməl əks-hücum əməliyyatları ilə
torpaqlarımızı işğaldan azad edən Azərbaycan Silahlı Qüvvələri öz
qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Ali Baş
Komandan İlham Əliyevin Şuşamızın azad olunması ilə bağlı xalqa
müraciətində ata vəsiyyətini yerinə yetirdiyinə görə xoşbəxt
olduğunu dilə gətirdi: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər
Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin
ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın
olsun dünya azərbaycanlıları!”.

Müasir Azərbaycan dövlətinin əbədiyaşar memarı Heydər Əliyev
ideyalarının sadiq davamçısı cənab Ali Baş Komandan İlham Əliyev
tərəfindən qoyulan tapşırıqlar – Silahlı Qüvvələrin döyüş
qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş
texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi,
beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların
hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin
yaxşılaşdırılması, bu gün uğurla həyata keçirilir və Ordumuz Ali
Baş Komandanımızın əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər
an hazır vəziyyətdədir.

Teqlər: