Xalqın deputatını təhqir edən, xalqın özünü təhqir edir – Kamaləddin Qafarov

“Artıq bir neçə müddətdir ki, AMEA-nın prezidenti Ramiz
Mehdiyevin fəaliyyətilə bağlı tənqidlər, müxtəlif formatda
müzakirələr ölkə gündəmini qısa fasilələrlə tutmaqdadır. Son dövrdə
baş verən hadisələr isə bu tendensiyanın artıq böhran nöqtəsinə
çatdığını və mövcud problemin birdəfəlik, kökündən həlli üçün qəti
addımların atılmasının zəruriliyini göstərmiş oldu. Həqiqətən də bu
gün Azərbaycan elmi özünün inkişaf dinamikasına görə istənilən
digər sahədən çox geri qalır. Bunun da əsas səbəbi, əlbəttə ki,
ölkənin əsas elm məbədi sayılan Milli Elmlər Akademiyasında gedən
reqressiv proseslər, rəhbərlik tərəfindən inkişafı əngəlləyən
qərarların davamlı olaraq qəbul edilməsi, əsaslandırılmamış və
özünü doğrultmayan “islahatlar”, gənc və perspektivli kadrların elm
sahələrindən müxtəlif bəhanələrlə uzaqlaşdırılmasıdır. Birmənalı
demək lazımdır ki, 2019-cu ildən AMEA-nın rəhbərliyinə gətirilən
Ramiz Mehdiyev ona dövlət tərəfindən göstərilmiş yüksək etimadı
qətiyyən doğrultmadı. Bu gün bütün dünya 4-cü sənaye inqilabının
astanasında durub. Daha dəqiq desək, bu proses artıq gedir və az
bir müddətdən sonra dünya ölkələri məhz sahib olduqları
texnologiyalar hesabına öz beynəlxalq mövqelərini formalaşdıra
biləcəklər. Bu baxımdan yeni texnologiyaların istər yaradılması,
istərsə də mənimsənilməsi proseslərində AMEA-nın rolu təbii ki,
müstəsna olmalıdır. Çox təəssü ki, bu gün biz bu ali elm ocağının
adına yalnız müxtəlif intriqalarda, dedi-qodularla bağlı
gündəmlərdə rast gəlirik. Məhz bu səbəbdən də ölkənin elm
ictimaiyyəti, tamamilə haqlı olaraq, bu gün bütün bu neqativ
hallara birdəfəlik son qoymağın yeganə yolunu Ramiz Mehdiyevin
tutduğu vəzifədən kənarlaşdırılmasında görür”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov
deyib.


Millət vəkili qeyd edib ki, AMEA prezidentinin onun fəaliyyətini
haqlı olaraq tənqid edənlərə, xüsusilə də deputatlara qarşı
təhqiramiz ifadələr işlətməsi yolverilməzdir və bu, əslində,
Azərbaycan xalqını təhqir etmək anlamına gəlir: “Əlbəttə ki,
yaranmış vəziyyətdə akademik Ramiz Mehdiyevin onun fəaliyyətini
tənqid edən deputatlara qarşı sərgilədiyi mövqeyə də münasibət
bildirməmək mümkün deyil. İlk növbədə, birmənalı olaraq qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
adını daşıyan şəxsə qarşı mətbuatda təhqir dolu çıxışlar edən
istənilən şəxs eyni zamanda həmin deputatın seçicilərini, yəni
Azərbaycan xalqını təhqir etmiş olur. Buna isə nə keçmiş, nə də
indiki xidmətlərindən (əgər belə xidmətlər olubsa belə) asılı
olmayaraq heç kimin haqqı yoxdur. Digər tərəfdən də, bu və ya digər
deputatın Milli Məclisə seçilməsini şübhə altına qoymaqla Ramiz
Mehdiyev seçki nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə
təsdiqlənmiş Parlamentin legitimliyini şübhə altına almağa cəhd
göstərmiş olur. Bu isə artıq AMEA rəhbərinin ölkənin elm sahəsini
inkişafdan qoymağa yönəldilən cəhdlərinin arxasında daha təhlükəli
siyasi motivlərin durduğuna dair iddiaların əsaslı olduğu anlamına
gəlir. İstənilən halda, bu gün Azərbaycanda bütün digər sahələrdə
olduğu kimi, elm sahəsində də ciddi islahatlara ehtiyac var və bu
islahatların effektivliyi yalnız AMEA prezidentinin istefasından,
yaxud dəyişdirilməsindən sonra əldə oluna bilər” – deyə Kamaləddin
Qafarov fikirlərini tamamlayıb.

Teqlər: