Xaçmaz rayonunda vətəndaşların mövcud problemlərini yerindəcə
öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam
etdirilir.
Trend xəbər verir ki, növbəti belə səyyar qəbul Aşağı Zeyid
inzibati ərazi dairəsinə daxil olan Alıcqışlaq kəndində keçirilib.
Qəbulda Alıcqışlaq kəndi ilə yanaşı Aşağı Zeyid, Qaracik, Qaracik
Zeyid, Qaraçay Cek,Şıxhaput və Çılğır kəndlərinin sakinləri iştirak
edib.
Görüş iştirakçıları əvvəlcə 31 mart soyqırımı qurbanlarının və
şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət
və digər təşkilat nümayədələrinin qatıldığı səyyar qəbulda
sakinlərin müraciəti fərdi qaydada dinlənilib.
Sakinlər kəndləri magistralla birləşdirən yolun təmirini,
elektrik təsərrüfatının yenilənməsini, suvarma kanalların
təmizlənməsini, yeni məktəb binasının tikintisini, rabitə və
internet kimi məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.