Xaçmazda 24 min manatlıq xalça istehsal olunub (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Azərxalça” ASC-nin Xaçmaz filialında bu günə kimi istehsal olunan ən bahalı xalçanın qiyməti 24 min manat olub.

AzerTimes-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Azərxalça” ASC-nin Xaçmaz filialının direktoru Səlima Hacıyeva deyib. Onun sözlərinə görə, 2017-ci ilin may ayından fəaliyyətə başlayan Xaçmaz emalatxanasında 4 il ərzində irili-xırdalı 276 ədəd xalça istehsal olunub: “İlk illərdə 90-a yaxın işçi heyəti çalışıb, hazırda isə 57 işçi fəaliyyət göstərir ki, onlardan 48-i toxucudur. Bizim xalçalar işləmələrinə görə Qarabağ və Təbriz xalçalarından seçilir. Onlar kiçik naxışlarla işlənirsə, burada istehsal olunan xalçalar Quba, Şirvan üslubunda toxunur”.

S.Hacıyeva qeyd edib ki, hazırda müəssisədə 43 dəzgahdan 16-sı fəaliyyətdədir: “Bundan əlavə, 5 xalçanın toxunması başa çatıb, kəsimə hazırdır. Son dövrlərdə emalatxanada satış həyata keçirilməyib, ancaq daha əvvəl isə xalçaların qiymətləndirilməsi 1 kvadratına görə, 600, 800, 1000 manat civarında müəyyənləşdirilirdi”.

Teqlər: