Xaçmazlılar Novruz bayramını – baharın gəlişini böyük sevinc və
yüksək əhvali-ruhiyyə ilə qarşılayıblar. Səhər saatlarından
etibarən zurnaçılar küçələri gəzərək sakinləri el şənliyinə dəvət
edib.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin
qarşısında bayram tonqalı alovlandırılıb. Novruzun personajları
Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş
əhvali-ruhiyyə bəxş ediblər. Bahar qızı, milli geyimli oğlanlar və
qızlar tonqal ətrafında rəqs ediblər.
Bayram təntənəsi Heydər Əliyev adına mədəniyyət mərkəzində davam
edib. Mərkəzin foyesi, iclas zalı milli bayram ruhunda bəzədilib.
Bayram xonçalarından, milli geyimlərdən, kənd təsərrüfatı, sənaye
məhsullarından, əl işlərindən və səmənidən ibarət sərgilər şənlik
iştirakçılarına xüsusi zövq verib. Folklor qruplarının foyedə
çıxışları olub.
Bayram tədbirində çıxış edənlər Novruzun gəlişi münasibətilə
Xaçmaz sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat
arzulayıblar. Şux bayram rəqsləri, folklor qruplarının, Kosa və
Keçəlin çıxışları, rəngarəng mahnılar tədbir iştirakçıları
tərəfindən alqışlarla qarşılanıb.