Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib (FOTO)

Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə
olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına
yönəlmiş “Yaz festivalı” keçirilib.

AzerTimes-ın məlumatına görə,
festivalda kənd təsərrüfatı naziri İnam Kərimov, Xaçmaz rayon icra
hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfaı Nazirliyinin
tabeli qurumlarının nümayəndələri, rayon icra hakimiyyətinin məsul
şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları,
alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı
ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri,
eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd fermerlərə dəstək məqsədilə
müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting
istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu
məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar
arasında işgüzar əlaqələri genişləndirməkdir.

Nazir İnam Kərimov kənd təsərrüfatı texnikaları və ehtiyat
hissələri, yerli istehsal toxumlar, ting, gübrə və kənd təsərrüfatı
məhsullarının sərgiləndiyi stendlərə baş çəkib. Festival zamanı
mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına
məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ
texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri
barədə məlumat verilib. Eyni zamanda, festival çərçivəsində kənd
təsərrüfatı texnikalarının sərgi-satış yarmarkası keçirilib.
Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların
seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması,
gübrələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar
verilib və informasiya materialları təqdim olunub.

Tədbirdə həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin
təqdimatı, milli kulinariya nümunələri təqdim edilib, yeni növ
“Bahar” çörəyinin, “Paytaxt” və “Xaçmaz” brendlərinin təqdimatı
keçirilib, mədəni-etnoqrafik tədbirlər təşkil olunub.

Teqlər: