Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Sayad kəndində səyyar qəbul keçirib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Sayad
kəndində səyyar qəbul keçirib.

İcradan AzerTimes-a verilən məlumata görə, qəbulda Qalağan kənd
inzibati ərazi dairəsinə daxil olan Hacılar, Sayad, Keymərəz, Ərəb
və Məmmədxanlı kəndlərinin sakinləri, həmçinin rayonun hüquq
mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının
rəhbərləri iştirak ediblər.

Vətəndaşlar Qalağan kənd tam orta məktəbinin təmirini, elektrik
təsərrüfatının yenilənməsini, içməli və suvarma suyuna olan
ehtiyacın tam ödənilməsini, kəndlərə qaz xəttinin çəkilişini və
kəndlərarası yolların təmiri kimi məsələləri gündəmə
gətiriblər.

Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin
başçısı Elnur Rzayev qaldırılan məsələlərin həlli ilə bağlı
aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Bəzi müraciətlər yerindəcə həll edilib.

Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev tərəfindən digər kənd və qəsəbələrdə də əhali ilə görüşlər
davam etdiriləcəkdir.

Teqlər: