İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (IITKM) icraçı direktoru, professor Vüsal Qasımlı bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində menecment və biznesin idarə olunması ixtisasında oxuyan bakalavr, magistr tələbələr və doktorantlar üçün “Azərbaycanda iqtisadi artım: çağırışlar və perspektivlər” mövzusunda ictimai mühazirə söyləyib. Mühazirədə universitetin professor-müəllim heyəti də iştirak edib.
AzMİU-nun rektoru, prpfessor Gülçöhrə Məmmdova qonağı salamlayaraq onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Rektor ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək kimi mühüm işlərlə məşğul olan bir qurumun rəhbərinin tələbələrlə görüşünü yüksək qiymətləndirib. O, tələbələrə belə görüşlərdən faydalanmağı, bilmədiklərini peşəkarlardan öyrənməyi tövsiyə edib.
Görüşün təşkilatçısı, universitetin Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov da tələbələri aktiv olmağa, müzakirələrdə fəal iştirak etməyə çağırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan iqtisadiyyatının bütün sahələrində makro və mikro iqtisadi səviyyədə həyta keçirilən inkişaf xarakterli istiqamətlər, alınmış nəticələr, orta və uzunmüddətli dövr üçün proqnozlar, ölkəmizin nailiyyətləri haqda geniş mühazirə söyləyib. O, eyni zamanda pandemiya dövründə iqtisadiyyatın dinamikası və aparılan sistemli dəstək tədbirləri nəticəsində əldə olunan inkişafdan, işğaldan azad olunmuş ərazilərdə görülən işlərdən də danışıb. Professor mühazirəsinin sonunda hər bir iqtisadçının nümunə götürməli olduğu bir neçə müəllifin adını qeyd edərək, gəncləri geniş mütaliəyə, özlərini inkişaf etdirmək üçün daha çox oxumağa, öyrənməyə səsləyib.
Görüşün sonunda mühazirə ətrafında geniş müzakirəlr aparılıb, tələbələrin sualları cavablandırılıb, Vüsal Qasımlı fərqlənən tələbələrə müəllifi olduğu kitabı hədiyyə edib.