Deputat Sevil Mikayılova Xaçmazda şəhid ailələri və qazilərlə görüşüb (FOTO)

Milli Məclisin deputatı Sevil Mikayılova ötən gün Xaçmaz rayonunun Əbilyataq kəndində Aprel döyüşləri şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Qayıbov Elvin Sədrəddin oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılan xatirə lövhəsinin açılış mərasimində iştirak edib.

AzerTimes xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti nümayəndəsi, rayon ictimaiyyəti, şəhidin ailəsi və yaxınları iştirak ediblər. Açılış mərasimində xatirə lövhəsinin qarşısına təzə tər çiçəklər qoyulub, qəhrəman döyüşçünü tanıyanlar onun şərəfli həyat yolundan, onunla bağlı xatirələrdən danışıblar.

Daha sonra millət vəkili Sevil Mikayılova Xaçmaz rayonu Qaracəlli kəndində Vətən müharibəsi şəhidi Mustafayev Samir Azər oğlunun ailəsini ziyarət edib. Görüşdə şəhid S.Mustafayevlə bağlı xatirələrdən, onun keçdiyi döyüş yolundan söhbət açılıb.


Həmin gün deputat Xudat şəhərində qazilərlə də görüş keçirib. Görüş iştirakçıları qarşısında çıxış edən millət vəkili hər günü tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin göstərdikləri şücaətdən, qazanılan şanlı qələbəmizdən danışıb. Çıxış zamanı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin və qazilərin hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduğu vurğulanıb.

Görüşdə iştirak edən qazilər və doğmaları dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatələndikləri üçün minnətdarlıqlarını ifadə ediblər.

Teqlər: