Vüqar Səfərlinin vəsatəti rədd edildi

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və
onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və
Telman Tahirovun barələrində olan hökmdən verdikləri apellyasiya
şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumata görə, prosesdə Vüqar Səfərlinin vəkili Hikmət
Əliyev vəsatət qaldıraraq məhkəmənin istintaqla aparılmasını
istəyib.

Vəsatət təmin edilməyib.

Daha sonra vəkillər müdafiə çıxışı ediblər.

Növbəti proses martın 17-nə təyin olunub.

Xatırladaq ki, təqsirləndirilən şəxslər barəsində Cinayət
Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan
vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2
(vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb
olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham
elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüqar Səfərli
10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il
müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər
təqsirləndirilənlər – Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq
Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh
Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti
seçilməklə şərti cəza verilib.

Teqlər: