VP-nin sualı sirri açdı, Zelenski qəzəbləndi – Detallar

VP-nin sualı sirri açdı, Zelenski qəzəbləndi – Detallar

13 mayda ABŞ-ın “Vaşinqton Post” nəşri bütün dünyanı silkələyən məlumat yayıb. Nəşr Vladimir Zelenskidən müsahibə götürərkən çox maraqlı və həssas mövzuya toxunub. Amerikalı jurnalist “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Budanovun arasında əlaqələr barədə suallar verib.

Suallar belə səslənirdi:

– Sənədlərdə xəbər verilir ki, sizin (Ukraynanın) kəşfiyyat idarəniz Yevgeni Priqojinlə qeyri-rəsmi əlaqə saxlayır və siz başqa məsələlərlə yanaşı, Yevgeni Priqojinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları ilə görüşündən də xəbərdar idiniz. Bu doğrudur?

– Priqojin və Ukrayna Hərbi Kəşfiyyat İdarəsi haqqında hansı məlumatların olduğunu oxuya bilərəm. Fevralın 13-də Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Rusiyanın “Vaqner” qrupunun 2 sabiq əməkdaşı vasitəsilə Moldovada sabitliyi pozmaq planı barədə sizə məlumat verdi. Budanov sizə dedi ki, o bu sxemi Rusiyanın Priqojini Ukrayna ilə əlaqələrinə görə ifşa etmək cəhdi kimi qiymətləndirir. Siz Budanova Moldova Prezidenti Maya Sanduya xəbər göndərməyi tapşırdınız və Budanov sizə dedi ki, Rusiya kəşfiyyatı Priqojini Ukraynaya işləyən vətən xaini elan edəcək. Bundan əlavə sənədlərdə deyilir ki, rusiyalılar Priqojinin Ukrayna hərbi kəşfiyyat əməkdaşları ilə Afrikadakı məxfi görüşlərdən xəbərdardılar və bu görüşlər barədə məlumatlardan Priqojinin əleyhinə istifadə edəcəklər…

Göründüyü kimi, amerikalı jurnalistlər dövlət sirri hesab olunan məlumatı açıqlayıblar və müsahibə zamanı Zelenski birmənalı olaraq bu suallara cavab verməkdən imtina edərək öz qəzəbini nümayiş etdirib.

Bundan əlavə, “Vaşinqton Post” xəbər verdi ki, Priqojin Ukrayna hərbi-siyasi rəhbərliyinə maraqlı təklif verib. Təklif ondan ibarət idi ki, Ukrayna ordusu Baxmut şəhərindən geri çəkiləcəyi təqdirdə Priqojin Ukrayna kəşfiyyatına Rusiya hərbçilərinin mövqeləri barədə məxfi məlumatlar ötürəcəkdi.

Maraqlısı odur ki, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Budanov bu məlumatı nəinki təkzib etdi, hətta dolayısı yolla təsdiqləmiş oldu.

Priqojin siyasi mübarizəyə qoşulur

Son zamanlar Priqojinin Rusiya MN-in ünvanına təhqirlər səsləndirməsi və müharibədə məğlubiyyətlərə görə məhz Şoyqu-Gerasimov tandeminin məsuliyyət daşıyacağını iddia etməsi onun siyasi iddialarını ortaya qoymuş oldu. Başqa sözlərlə Priqojin siyasi mübarizəyə başladı və onun ətrafında olan bütün hadisələri, prosesləri məhz bu müstəvidə qiymətləndirmək lazımdır.

Priqojin müharibədən şəxsi məqsədlərə çatmaq üçün alət kimi istifadə edir. Bunu sübut edən maraqlı fakt ortaya qoymaq olar. “Vaqner”in şüarı hər zaman “bizim biznesimiz ölümdür və biznesimiz yaxşı gedir” olub, Rusiya-Ukrayna müharibəsinə qoşulan zaman ilk aylarda da “Vaqner”in şüarı dəyişməmişdi, amma döyüş meydanında rusiyalıların durumu pisləşdikcə Priqojin siyasi iddiaları ortaya qoydu və “Vaqner”in biznesi artıq ölüm yox, “Vətən, Dövlət, Xalq” oldu.

Rusiya hərbi rəhbərliyinin Ukraynada üzləşdiyi total məğlubiyyətlər fonunda Baxmutun məhz Priqojin tərəfindən ələ keçirilməsi radikal cəmiyyətin onun şəxsinə xüsusi rəğbət yaradacaq və siyasi səhnədə Priqojin toxunulmazlıq imtyazı əldə edəcəkdi. Bu prizmadan yanaşsaq görərik ki, “Vaşinqton Post”un məlumatı tamamilə məntiqə uyğundur, Baxmutun ələ keçirilməsi və Rusiya MN-in tabeliyində olan qüvvələrin mövqeləri barədə Ukraynaya məlumatın ötürülməsi Priqojin üçün hərtərəfli sərfəlidir.

Rusiya hərbi-siyasi rəhbərliyinin məğlubiyyətləri və ərazilərin itkisi fonunda Priqojin ərazi itirməyən yeganə hərbi rəhbər olacaq. Və təbii ki, radikal cəmiyyətin rəğbəti “uğursuz Putin”ə yox, “uğurlu Priqojinə” yönələcək.

Rusiyanın hərbi-siyasi rəhbərliyi bunu görür və Priqojinin bu oyunları onları narahat edir, amma onun zərəsizləşdirilməsi hal-hazırda heç bir şəkildə mümkün deyil. Son 6 ay ərzində “Vaqner” Ukrayna döyüş meydanında heç olmasa hansısa uğurlar göstərmiş yeganə hərbi birləşmədir və Putin də çox gözəl bilir ki, Priqojinin “biz çəkilsək, bütün cəbhə çökəcək” iddiası haqlıdır. Cəbhə çökəndən sonra Putinin siyasi və fiziki mövcudluğu da böyük sual altında olacaq.

Biz hazırda həqiqətən tarixi paradoksal durumu müşahidə edirik. Rusiya dövlətinin taleyi müharibənin nəticəsindən asılıdır, müharibədə isə müvəqqəti olsa da cəbhəni ayaqda saxlayan Rusiya milli maraqları baxımından bir nömrəli xain, şəxsi maraqları naminə Rusiya Silahlı Qüvvələrinin mövqelərini satmağa hazır olan Priqojindir.

Teqlər: