Vilyam Hacıyevin məhkəməsində şahid ifadəsindən imtina edib

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Əhməd Həsənov bildirib ki,
birinci qrup əlildir.

“Vilyam Hacıyevi tanımıram. Mən qəza keçirmişəm və birinci qrup
əliləm. Yardımla bağlı icra hakimiyyətinə müraciət etməmişəm”, –
şahid bildirib.

Daha sonra şahidin ifadəsində ziddiyyət olduğundan onun ibtidai
istintaqa ifadəsi elan olunub.

O ifadəsində bildirib ki, 2015-ci ildə xəstəliyi ilə bağlı icra
hakimiyyətinə müraciət edib:

“Mənə dedilər ki, sənin hesabına köçürülən pulun bir hissəsi
sənə çatacaq. Mən hesabıma köçürülən 8 min manatdan 800 manat
götürüb, 7200 manatını qardaşım Aqil Həsənova verdim. O da həmin
pulu icra hakimiyyətinə verdi. Daha sonra mənim hesabıma 4000 manat
köçürüldü, həmin vəsaitdən 400 manatı götürdüm, qalan pulu Aqilə
verdim. Bir neçə ay sonra mənim kartına 6 min manat yardım
köçürüldü. O puldan da 600 manat götürüb qalanını Aqilə
verdim”.

Şahid bildirib ki, o ibtidai istintaqa ifadə verməyib və ifadə
də onun deyil.

Digər şahid Taleh Şirəliyev bildirib ki, Vilyam Hacıyevi
tanımır: “Mən İmişlidə mağaza açmaq istəyirdim. Sənədləşmə işinə
əmimoğlu Mehman İsmayılov məşğul olurdu. Yalnız dövlət rüsumunu
ödəmişəm. Mənim sənəd işlərindən başım çıxmır. Ona görə də əmim
oğluna xahiş elədim, o sərəncam aldı, mağaza tikdim. Əlimə düşdükcə
az-az sənədin pulunu ödəmişəm”.

Daha sonra şahidin ibtiai istintaqa ifadəsi elan olunub. O
ifadəsində bildirib ki, mağaza tikintisi ilə bağlı icra
hakimiyyətinə müraciət edib. Əmisi oğlu Mehman İsmayılov bildirib
ki, sərəncam üçün 400 manat verməlidir. Həmin pulu verəndən sonra
ona mağaza tikmək üçün sərəncam verilib.

Şahid bildirib ki, o Mehman İsmayılova hissə-hissə pul verib: “Yadımda deyil nə qədər pul vermişəm, amma hissə-hissə ödəmişəm, 50
manat bir, 10 manat bir. Birdən-birə bütöv məbləğ verməmişəm.
Mehman dedi ki, sərəncamla bağlı dövlət rüsumu var, mən də dedim
ödəyərəm”.

Proses mayın 16-da davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: