Vilyam Hacıyevə 10 min manat verib bələdiyyə sədri seçildim – Şahid

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq
icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi
davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən İmişli rayonunda bələdiyyə sədri
işləmiş Qəhrəman Qəhrəmanov bu vəzifəyə təyin olunmaq üçün Vilyam
Hacıyevə 10 min manat rüşvət verdiyini deyib. “3 kənd üzrə bir
bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr
seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan
başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə
medal göndərmişdilər. Vilyam Hacıyev dedi ki, ümumi iclasda medalı
sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata
razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri
seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam
Hacıyevə haqq vermişəm”,-deyə şahid bildirib.

Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyib ki, o
bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə
şikayət edib: “Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə
şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon
məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.

Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə
qərarı olub və o 15 sutka həbslə yanaşı, 2 min manat cərimə
edilib.

Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər
siz Vilyam Hacıyevə pul vermişdinizsə, niyə sizi şikayət edirdi”.
Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu
bildirib.

Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib: “Mən
kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa
verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub,
amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi
təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin
olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft
Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb
Vilyam Hacıyevə vermişəm”.

Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan
Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul
olunmaq üçün başçının köməkçisinə 2 min manat verdiyini deyib:
“Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan
əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim
adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də
başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya
qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.

Proses fevralın 21-də davam etdiriləcək.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam
Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial
yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə
ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə
sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların
verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə
etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış
evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.


2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və
yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon
icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları
vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair
müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada
qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb
edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı
olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində
dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış
binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev
tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı
şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə
cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı
kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ
keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti,
abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni
inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən
hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı
şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli
şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət
orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi
sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif
adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar
əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət
Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf
etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni
vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz
qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq
istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə
etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni
mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan
mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq
həbs qətimkan tədbiri seçilib.

Teqlər: