Azərbaycan elmi: nə etməli, nədən başlamalı?

Bu gün elmimiz və xüsusən Milli Elmlər Akademiyası özünün çətin,
xoşa gəlməyən günlərini yaşayır. Aşağı maaşlar, dedi – qodular və
çəkişmələr. Bundan öncə həm Azərbaycan, həm də rus dilində çap
olunmuş məqalələrimdə (haqqin.az/news/180352, 07.06.2020,
news.day.azpolitics/1433570, 07/02/2022, modern.az, moderator az.,
azedu.az, https://sherg.az/tehsil/189290 və s.) elmdə yaranmış
vəziyyətlə bağlı bəzi düşüncələrimi ifadə etmişdim. Bu məqalələrə
çoxlu sayda rəy və dəstək aldım və fürsətdən istifadə edib hər kəsə
dərin təşəkkürümü bildirirəm. Əminəm ki, elmimiz və xüsusən
Azərbaycan Milli Elmlər Akademiyası özündə güc tapıb yaranmış
vəziyyətdən çıxacaq və elmimizi ona uyğun olan səviyyəyə
qaldıraraq, ölkəmizin inkişafına lazımı töhvələri verəcəkdir.

Nə etmək və nədən başlamaq lazımdır?

Azərbaycan Milli Elmlər Akademiyası. İlk və ən önəmli məsələ
Akademiyanın qalıb qalmamsı məsələsinə aydınlıq gətirmək lazımdır.
Dünyada elə ölkə yoxdur ki, onun elmlər Akademiyası olmasın və
bütün tanınmış Akademiyaların yaradılması məhz, böyük dövlət
xadimlərinin və tanınmış alimlərin adları ilə bağlıdır. Yüksək
nüfuza malik olan Amerika Milli elmlər Akademiyası Prezident Avraam
Linkolnun təşəbbüsü və qərarı ilə, məhşur Fransa (Paris), ölməzlər
elmlər Akademiyası, dünyanın ilk Akademiyalarından biri olan, XIV
Lyudoviq , Peterburq (Rusiya) elmlər Akademiyası Böyük Pyotr,
Ümumdünya elmlər Akademiyası Nobel mükafatı laureatı, tanınmış
fizik Əbdüs Salam tərəfindən yaradılmışdırlar. Bu şəxslər
Akademiyanın dövlətin inkişafında nə qədər vacib olmasını dərindən
anlayaraq belə təşəbbüsü irəli sürmüşlər.

Əsas məsələ ondan ibarətdir ki, Akademiya necə fəaliyyət
göstərməlidir. Bu məsələdə universal ya optimal yol yoxdur. Əsas
məsələ ondan ibarətdir ki, Akademiya dövlətin tələblərinə uyğun
olaraq fəaliyyət göstərməlidir və dövlətə xidmət etməlidir.
Məsələn, ABŞ-da bir yolu seçilib, Rusiya, Çin isə başqa yol, Fransa
özünə məxsus yol seçib. Cəmiyyətimizdə bəzi zamanlar diletant
fikirlər səslənir, güya Akademiyanın institutları universitlərə
verilərsə hər şey öz yoluna düşər. Bu həm səhv, həm də təhlükəli
yoldur. Biz bu yolla getsək həm Akademiyanı, həm də
universitetlərimizi itirə bilərik. Qeyd edim ki, hətta insanlarda
orqan transplantasiyası zamanı bədən tərəfindən rədd etmə və imtina
prosesləri baş verir və insan həyatını itirə bilir. Əsas məsələ
ondn ibərətdir ki, Akademiya dövlətin sifarişlərini yerinə
yetirməlidir və bunun üçün savadlı, böyük elmi məktəb keçmiş və
beynəlxalq elmi aləmdə qəbul olunan alimlərə böyük ehtiyac var. Bu
gün dünyada səmərəli çalışan Akademiyalar mövcuddur. Rusiya, Çin,
Fransa elmlər Akademiyalırını və Almaniyada fəaliyyət göstərən
Plank Cəmiyyətini misal gətirmək olar.

Plank Cəmiyyəti öz sıralarında 80-dən çox elmi-tədqiqat
institutlarını birləşdirir və Azərbaycan Milli Elmlər Akademiyası,
Rusiya Elmlər Akademiyası, Çin Elmlər Akademiyası kimi tam dövlət
tərəfindən məliyyələşdirilir. Bu ölkələrdə kimsə Akademiyaları nə
bağlamağa nədə ki universitetlərlə birləşdirməyə çəhd göstərmir.
Hətta, Almaniyada 2008-ci ildə Plank Cəmiyyətinə paralel olaraq
Milli elmlər Akademiyası – Leopoldina yaradıldı. Hamımızın
yaddaşında unudulmaz Heydər Əliyevin gözəl kəlamı qalıb. O
deyirdi:” Azərbaycan Elmlər Akademiyası xalqın sərvətidir və onu
qoruyub saxlamaq lazımdır”. Məhz, Heydər Əliyevin təşəbbüsü ilə
Akademiyaya Milli status verildi. Hələ qədim dövrdə Hippokrat
deyirdi: “Həyatda iki əsas amil var. Elm və Fikir”.

Ona görə Akademiyanın bağlanması ya universitetlərə verilməsi
məsələsi birdəfəlik gündəmdən çıxarılmalıdır və güçümüzü onun
inkişafına və yüksəlməsinə yönəltməliyik. Heç kəs Akademiyada
islahatların keçirilməsinin əleyhinə deyil, bu bir zərurətdir və
zəmanənin tələbidir. Akademiya var, olmalıdır və yüksək səviyyədə
dövlətə xidmət etməlidir. Belə vacib məsələyə aydınlıq
gətirilməlidir. Bəzi zamanlar gözlənilmədən yeni elmlər doktorları
ortaya çıxır və dərhal Akademiyaya müxbir-üzv hətta bəzi hallarda
birbaşa akademik də seçilir. Ədalət naminə qeyd etmək lazımdır ki,
Akademiyanın yeni nizamnaməsinə uyğun olaraq, akademiklər müxbir
üzvləri sıralarından seçilməlidir və bu prinsipə ciddi yanaşmalı və
heç bir halda pozmağa imkan verilməməlidir. Müxbir üzvlərinin
seçilməsi zamanı iddiaçının doktorluq dissertasiyasının
müdafiəsindən sonra gördüyü işlər və aldığı nəticələr nəzərdən
keçirilməli, bu göstəricilərə görə qərar qəbul edilməlidir.
Akademik seçkilərində isə iddiaçının müxbir- üzv seçildiyindən
sonra aldığı nəticələri nəzərə alıb qərar verilməlidir. Bu
prinsipləri əsas götürərək Akademiyanı təsadüfi psevdo- alimlərdən
qorumaq lazımdır.

Hər kəs anlamalıdır ki, doktorluq dissertasiyasında alınan
nəticələr artıq qiymətləndirilmişdir və bu şəxs doktor dərəcəsinə
yüksəlmişdir. Yeni iddia üçün ortada yeni nəticələr olmalıdır.
Müstəqilliyimiz bizə elmdən uzaq, psevdo- alimlərin hazırlanmasını
deyil, ölkəmizi və elmimizi inkişaf etdirməyə tarixi imkan yaradıb
və biz bundan faydalanmalıyıq.

Bu gün Azərbaycanda çox sayda elmlər doktorları ortaya çıxıb.
SSRİ zamanında bu adamların heç yuxularına girməzdi ki, onlar
elmlər doktoru ola bilərlər. Bu insanlar və onları himayə edənlır
özlərinə sual verməlidirlər ki, SSRİ zamanında bu yollarla elmlər
doktoru ola bilərdilərmi? Bu sualın cavabı bəllidir, çünki onları
elmi şuralara yaxın qoymazdırlar. Bəla burasındadır ki, belə
şəxslər, nəinki ayıblarına kor olmurlar, hətta zaman keçdikdən
sonra Akademiyanın üzvləri və akademikləri olmaq istəyir, bəzi
hallarda isə hətta akademik olub özlərinə bənzər psevdo-alimlər də
hazırlayırlar. Buna qarşı ciddi mübarizə aparmaq və bir daha belə
hallara imkan verməmək lazımdır.

90-cı illərin sonunu yaxşı xatırlayıram, AMEA- ya seçkilər
ərəfəsundə, çoxlu sayda məmur Akademiyaya seçilməyə cəhd edirdi,
özü də müxbir üzvü deyil, bir başa akademik. Məhz, dahi Heydər
Əliyevin bu məsələyə qarışması Akademiyanı belə fəlakətdən xilas
etdi. Ammm yenə də elmi qrantların verilməsində məhz, bu məmurlar
son sözü deyirdilər. Heç bir elmi əsası olmayan qərarlar qəbul edib
istədikləri adamlara qrantları paylayırdılar. Bu bir anti-dövlət
yanaşması idi. Zaman keçdi və belə məmurlar vəzifələrindən azad
olundu, amma qırılmış taleləri və haqsızlıqları kim bərpa edəcək.
Sözsüz ki, biz keçmişlə yaşamamalıyıq və gələcəyə baxmalıyıq. Amma
biz keçmişi unutmamalıyıq və onun acı səhvlərini təkrar
etməməliyik.

Beynəlxalq əlaqələr

Akademiyamızın beynəlxalq elmi məktəblərlə əlaqəsi, ehtiraf edək
ki, arzu edilən səviyyədə deyildir və bu çatışmazlığı aradan
qaldırmaq üçün ardıcıl tədbirlər görməliyik. Hesab edirəm ki, qısa
bir zamanda AMEA Ümumdünya elmlər Akademiyasının nəzdində fəaliyyət
göstərən Beynəlxalq Akademiyalar Asosiasiyasının üzvü olmalıdır və
Əbdüs Salam adına Nəzəri Fizika üzrə Beynəlxalq Mərkəzi ilə
(International Center for Theoretical Pfysics – İCTP) sıx əlaqələr
yaratmalıdır. Qeyd etmək istərdim ki, İCTP yaradılarkən əsas
fəaliyyəti fizika elminə aid idi, amma bü gün praktiki olaraq elmin
bütün sahələrini əhatə edir. Bu təşkilatların hər ikisi İtaliyanın
Triyest şəhərində yerləşir və hər il müxtəlif qrantlar, magistr və
doktorluq dissertasiyalarını hazırlamaq üçün gənc və istedadlı
araşdırmaçıları Mərkəzin hesabına oraya dəvət edir. Burada zəngin
kitabxana, maraqlı elmi seminarlar, dünyanın aparıcı alimləri,
Nobel mükafatları laureatları tərəfindən mühazirələr təşkil olunur.
Bu elmi Mərkəzlərdə çalışmaq böyük elmi məktəb keçmək deməkdir.

Gənc alimlər üçün burada olmaq böyük fayda verir, çünki müasir
elm artıq kollektiv anlayışdır və elmi inteqrasiya çox vacib
amildir. Nobel mükafatı laureatlarının sırasına nəzər salsaq
görərik ki, (nadir hallar istisna olmaqla), son 25-30 ildə bu
mükafat əsasən qruplara verilir (Alfred Nobelin vəsiyyətinə uyğun
olaraq qrupun sayı 3-dən çox olmamalıdır) bu isə müasir elmin
kollektiv anlayış olmasını bir də təsdiq edir. İnformasiya
texnologiyaları alimlər arasında sıx əlaqələr yaratmağa imkan
vermişdir və hətta müxtəlif qitələrdə belə yaşayan alimlər bu gün
qrup şəkilində öz fəaliyyətlərini davam etdirillər.

Ona görə müasir zamanda elmin inteqrasiyası olmadan böyük
uğurlar əldə etmək praktiki olaraq mümkün deyil. Bizim
təşəbbüsümüzlə 2005-ci ildə AMEA və İCTP arasında əməkdaşlığa dair
5 illik anlaşma imzalanmışdır (2005-2010 illərdə mən İCTP-nin
senior associated vəzifəsində çalışırdım) və bu anlaşmaya əsasən
hər il Azərbaycandan 4 gənc alim 7 həftəyə, İCTP- nin hesabına,
oraya ezam olunurdu. Ezam olunmuş gənclər dərin elmi nəticələr əldə
etdilər və bir müddətdən sonra hamısı elmlər doktoru dərəcəsinə
nail oldular. 2006-cı və 2008-ci illərdə anlaşmaya uyğun olaraq
Bakıda İCTP-nin mənəvi və maliyyə dəstəyi ilə iki beynəlxalq elmi
konfrans keçirildi və bu konfranslarda ABŞ, Almaniya, Sinqapur,
Avstraliya, Portuqaliya, Latviya və digər ölkələrdən olan dünyanın
tanınmış alimləri iştrak etdi. Belə konfransların keçirilməsi elmi
əlaqələri möhkəmləndirir və elmin inkişafına böyük dəstək olur.
2006-cı ildə İCTP, Azərbaycandan 5 tələbəni İtaliyanın aparıcı
universitetlərində, İCTP-nin tam maliyyə dəstəyi ilə, təhsil alma
təşəbbüsünü irəli sürmüşdür. Amma bəzi məmurların gizli etirazı və “fəaliyyəti” nəticəsində bu mümkün olmadı.

Niyə belə oldu? Maraq nə idi?

Bu günə qədər mən bu suala cavab tapa bilmirəm. Yuxarıda qeyd
etdiyim kimi, bu məmurlar artıq vəzifələrini itiriblər, amma
qırılmış taleləri və itirilmiş gözəl imkanları kim bərpa edəcək ya
qaytaracaq.

Bu gün Azərbaycan “Qoşulmama hərəkatında” sədirlik edir.
Ümumdünya elmlər Akademiyası (1983-cü ildə yaradılıb) inkişafda
olan ölkələrin alimləri üçün yaradılmışdır və yaradılarkən onun adı
belə Üçüncü ölkələrin elmlər Akademiyası kimi keçirdi (Third World
Academy of Sciences). Amma sonralar böyük elmi gücə çevrilərək, öz
aralarında bir çox aparıcı alimləri, Nobel mükafatı laureatlarını
birləşdirərək Ümumdünya elmlər Akademiyasına çevrildi və ona uyğun
olaraq adıda dəyişdirildi (The World Academy of Sciences). Bu gün
Akademiyanın sıralarında 90 ölkədən olan 1000-ə yaxın alim var və
onlardan 15 Nobel mükafatı laureatıdır. Təəssüf ki, Ümumdünya
elmlər Akademiyasının Azərbaycanla əlaqələrini möhkəmləndirmək
cəhdimiz yenə də məmur müdaxiləsi və özbaşınalığı nəticəsində
mümkün olmadı. Əməkdaşlıqla bağlı Azərbaycan məmurlarının qoyduğu
şərtlər Akademiyanın Nizamnaməsinə zidd idi. Bu səlahiyyət
sahibləri anlamadılar ki, belə əməkdaşlıq bizim ölkəmizə lazımdır,
qarşı tərəfə yox.

Hesab edirəm ki, bu gün Ümumdünya elmlər Akademiyası ilə
əlaqələri genişləndirmək məqsədə uyğun olardı.

Ümumdünya elmlər Akademiyasının ümumi iclası bir qayda olaraq
keçirilən ölkənin prezidentinin çıxışı ilə başlayır bu da
təşkilatın yüksək nüfuzundan xəbər verir. Ümumdünya elmlər
Akademiyasının illik iclasının Bakıda keçirilməsi ölkəmizin həm
nüfuzunun yüksəlməsinə, həmdə elmin inkişafına dəstək olardı.

Kadr hazırlığı


Elmin inkişafı bir başa təhsilin inkişafı ilə bağlıdır. Nə qədər
təhsilin səviyyəsi yüksək olarsa o qədər elm imkişaf edər. Fəlsəfə
doktoru dissertasiyalarının hazırlanmasında ciddi, bəlkə də
inqilabi dönüş yaradılmalıdır. Bu haqda mən dəfələrlə mətbuatda və
AMEA-nın ümumi iclaslarında demişəm, amma bu günə qədər bir
dəyişiklik yoxdur. Təcrübə göstərir ki, bizdə bu gün fəlsəfə
doktoru və ümumiyyətlə disertasiya müdafiə edən şəxslər dərin elmi
biliklərə malik deyirlər. Fəlsəfə doktoru dissertasiyasını müdafiə
etmək üçün ixtisas üzrə sadəcə bir (namizədlik minimumu) imtahanı
verilir.

Dünya sürətlə inkişaf edir və bu gün bir imtahanla gənc alimin
potensialını aşkara çıxartmaq və ondan geniş düşüncəli mütəxəssis
hazırlamaq mümkün deyil. Biz artıq dünyanın tutduğu yolla
getməliyik. Hətda SSRİ zamanında, M.V.Lomonosov adına Moskva dövlət
universitetində (bu gündə) aspirantlar mütləq 3-4 imtahan və 3-4
zaçet verirlər. Şəxsən mən aspiranturada oxuyarkən 3 imtahan və
dörd zaçet vermişdim. Təbii ki. o zaman biz gənclər narazılığımızı
ifadə edirdik ki, digər universitetlərdən fərqli olaraq daha çox
imtahan veririrk, amma həyat bu yolun doğru və səmərəli olduğunu
təsdiq etdi. Belə praktika Qərb ölkələrində qəbul olunub və artıq
bir çox keçmiş Sovet Respublikaları da yenidən bu sistemə
keçiblər.

Müasir tələblərə cavab verən mütəxəssis hazırlamaq üçün lazımdır
ki, fəlsəfə doktoru dissertasiyasının müdafiəsi üçün, elmi
məsləhətçinin tövsiyəsi ilə, imtahaların sayı ciddi sürətdə
artırılsın. Bu proses eyni zamanda dərs yükünü və müəllimlərin
maaşlarının artmasına gətirəcəkdir. Pilot proyekti kimi, ilk olaraq
fundamental (məsələn, riyaziyat sahəsində) elmlər sahəsində bunu
AMEA-da, BDU və ADİU həyata keçirmək olardı.

Bu iki universitetlərin rektorları təhsildə yeni ideyaların
tərəfdarlarıdır və uğurlu innovasiyalar həyata keçirirlər. Sonradan
belə yanaşma digər elmlərə də şamil olunabilər. Şəxsən mən elm və
təhsildə evolyusiya yollarının tərəfdarıyam, amma hesab edirəm ki,
bəzi zamanlar istisnalar ola rbilər. Mən əminəm ki, geci – tezi biz
də bu sistemə keçəcəyik, amma vaxt gedir və nə üçün biz
gözləməliyik.

Məlumdur ki, dünyada alimlər üçün ən produktiv yaş 35-55
arasıdır. Məhz, bu yaşda alimlər ciddi nəticələr, qrant və
mükafatlar alırlar. Azərbaycanda elmdə bu nəsil çox zəif təmsil
olunur. Çox az sayda yaşları 30-dan az və 55 yaşından yuxarı olan
olan aktiv alimlərimiz var. Elmi baxımdan ən produktiv olan bölmədə
(35- 55 arası) böyük boşluq var.

Akademiyanın üzvlərinin yaşlarına nəzər salsaq görürük ki,
ortalama yaş 60-ın xeyli üzərindədir. Bu isə seçki zamanı problem
və doğru seçimə əngəl yaradır. Gənclər lazımı səviyyəyə hələ
çatmamış, 35-55 arası isə ciddi kadr boşluğu vardur. Hesab edirəm
ki, AMEA müvafiq icra strukturları ilə birgə islahatlar paketi
hazırlayıb həyata keçirməlidir və elmə ayrılan vəsaitin xərclənməsi
istiqamətləri və məbləği ciddi sürətdə nəzərdən keçirilməlidir.

Ümumiyyətlə, AMEA- nın səmərəli fəaliyyəti üçün yol xəritəsi
hazırlanmalı və bu məsələlər orada öz əksini tapmalıdır.

Elmin maliyyələşdirilməsi

Akademik L.A.Artsimoviç deyirdi: “Elm şəxsi düşüncə və
təşəbbüsləri dövlət hesabına həyata keçirmək üçün ən yaxşı yoldur.
SSRİ-də bu mümkün idi. SSRİ ÜDM-nun 5% elmə ayırırdı və ona görə
ilk sputnik, ilk kosmonavt, lazerin kəşfi və d. məhz, SSRİ-də
mümkün olmuşdu. Nə tarixdə, nə də bu gün dünyada elmə bu qədər
vasait ayıran ikinci bir dövlət yoxdur. Elmə ən çox vəsait ayıran
ölkələr İsrail və Cənubi Koreyadır (4.25% və 4.20%), digər
ölkələrin ayırdığı vəsait 4% altındadır. Amma bu gün dünyada
prioritetlər dəyişib, dövlətin hər bir qəpiyi dövlətin inkişafına
yönəldilməlidir. Çoxlarının xoşuna gəlməsə də, şəxsən mən, elmə
ayrılan vəsaitlərin düşünülməmiş, dərhal yüksəldilməsinin
əlehinəyəm. Bu proses evolyusiya xarakteri daşımalıdır və ayrılan
yeni vəsait məqsədyönlü istifadə olunmalıdır. Məsələn, AMEA-da
institutların birləşdirilməsi məsələsinə baxılmalıdır. Nə ehtiyac
var 20-30 işçisi olan institutlara?

Əsas məqsəd institutların dövlət əhəmiyyətli konkret mövzular
ilə məşqul olmasıdır. İnstitutların birləşdirilməsi nəticəsində
əldə edilən vəsait institutlarda və AMEA-da qalmalıdır.
İnstitutların (Rəyəsət Heyətinin icazəsi ilə) və Akademiyanın
rəhbərliyinə bu vəsaitləri istifadə etməyə imkan yaratmaq lazımdır.
İstifadə edilən vəsaitlərin ciddi nəzarəti olmalıdır, hansı
məqsədlə xərçlənib və nə əldə edilib. Əldə edilmiş vəsait rəhbərlik
tərəfindən maaşlara əlavə, beynəlxalq konfranslarda iştrak,
Sabbatikal adlanan ezamiyələrə xərclənə bilər. (Sabbatikal xarici
ölkələrə bir neçə həftə ya aylıq ezamiyyətdir və bunun üçün qəbul
edən tərəfinin razılığı və ofislə təmin etmək məktubu
lazımdır).

Addım addım, elmə ayrılan vəsait əsasən qrant şəkilində
olmalıdır. Qrantlar dövlət əhəmiyyətli məsələlərə ayrılmalıdır.
AMEA hökümətlə bir yerdə qrantların hansı sahələrə ayrılmasını
müzakirə edib bir məqsədə gəlməlidir. Bu istiqamətdə aparıcı
beynəlxalq elmi mərkəzlərlə aparılan elmi araşdırmalara üstünlük
verilməlidir. Ayrılan qrantların həcmi (əgər qrantlar səmərə
veribsə) ildən ilə yüksəldilə bilər. Bu gözəl stimul olardı alimlər
üçün. Belə prinsiplər bir çox ölkələrdə qəbul olunub. Məsələn,
ABŞ-da, Milli elmlər Akademiyası 500 mlrd, dollardan çox vəsaitin
elmi qurumlara qrant şəkilində verilməsi hüququna və imkanına
malikdir.

Amma, kiminsə təcrübəsini kor-koranə tətbiq etməyin də tərəfdarı
deyilik, hər ölkənin keçdiyi bir tarixi yol var və ölkə ona uyğun
olaraq fəaliyyət göstərməlidi. Hesab edirəm ki, Azərbaycanda elmə
ayrılan vəsaitlər əsasən (böyük hissəsi) qrant şəklində, digər
hissəsi bir başa institutlara dövlət əhəmiyyətli məsələlər üçün
verilməlidir. Belə yanaşma heç bir nəticə verməyən alimlərin
AMEA-da çalışmasına son qoyardı. Amma, bu o demək deyil ki, elmdə
müəyyən naliyyətlər qazanmış amma yaşa dolmuş alimlər təminatsız
qalmalıdır. Xeyir, belə alimlərə xüsusi pensiyalar vermək
olardı.

Məqsəd ondan ibarətdir ki, yaşa dolmuş alimlər təqaüdə çıxarkan
praktiki olaraq dolanışıq problemi yaşamamalıdırlar. Məslən,
Azərbaycan qanunvericiliyinə uyğun olaraq, əgər elmlər doktoru tam
təqaüdə çıxarsa onun təqaüdünə 300 manat, fəlsəfə doktorlarına 200
manat əlavə olunur.

Bu məsələni lazımı qaydaya salıb həll etmək olardı. Gənc
alimlərin fəaliyyətini stimullaşdırmaq üçün 35-40 yaşında gənclər
üçün elm sahəsində Dövlət mükafatı təsis etmək olardı. Şərt deyil
ki, bu mükafat hər il verilsin, 2-3 ildə bir dəfə verilə bilər.
Təsadüfi və məmur təsirindən uzaq olmaq üçün belə mükafatların
verilməsi üçün sərt şərtlər qoymaq olardı. Elm haqqında qanuna
əlavələr etmək lazımdır.

Azərbaycanın ərazisində fəaliyyət göstərən hər bir təşkilat elmi
avadanlıq ya elmi produksiya (proqram təminatları və s.) alarkan
ilk öncə AMEA-ya müraciət etməli və AMEA belə tenderlərdə mütləq
iştrak etməlidir. Hətta, AMEA xarici avadanlıqların alınmasında
belə, imkan və əlaqələrindən istifadə edib daha münasib şərtlərlə
bunu edə bilər. Bu gün elə kompüter proqramları (proqram
təminatları) var ki, bəzi təşkilatlar onları xaricdən alırlar,
halbuki bizim mütəxəssislər (proqramçılar) bu işləri yüksək
səviyyədə daha ucuz qiymətə hazırlaya bilərlər.

Amma əfsuslar olsun ki, bəzi məmurların ucbatından belə
mütəxəssislər bu işdən kənarda qalırlar. Hətta elmi qurumlarda maaş
aşağı olduğundan savadlı və bacarıqlı proqramçıları işə götürmək
olmur. Amma kompüter texnoloyalarından istifadə etmədən, hətda
humanitar sahədə böyük naliyyətlər əldə etmək müəyyən çətinliklərlə
rastlaşır.

Ümumiyyətlə, bu gün elmdə kompüterlərin və müasir
texnologiyaların imkanlarından istifadə etməyən ya etməyi
bacarmayan alimlər Cəlil Məmmədquluzadənin “Poçt qutusu”
hekayəsində olan qəhrəmanı xatırladırlar.

Biz elmdə islahatların həyata keçirilməsi üçün yuxarıdan
administrativ göstərişləri gözləməməliyik. Ümummilli lider Heydər
Əliyevin bizə etdiyi tövsiyyələrdən biri ondan ibarətdir ki, ancaq
biz özümüz, öz müqəddəratımızı və gələcəyimizi müəyyən edib firavan
həyat qura bilərik. Hesab edirəm ki, AMEA-da islahatların
hazırlanıb həyata keçirilməsi üçün yeni İslahatlar Şurası
yaradılmalıdır, çünki elmdə və AMEA-da olan vəziyyəti bizdən başqa
kimsə dərindən anlamaz və ürəyi yanmaz. Bu Şuraya daxil olan
şəxslər tutduqları vəzifələrə görə deyil, elmdə yüksək nüfuzları
olan və öz sözlərini demiş, dünya elmində vəziyyətdən xəbəri olan,
dərindən anlayan, real görəcəkləri işlərə görə seçilməlidirlər.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və
birinci vitse – prezidenti Xanım Mehriban Əliyeva elmə təhsilə və
mədəniyyətə böyük qayğı göstərir və həmişə diqqət ayırırlar. Əminəm
ki, elmi aləmdən lazımı ciddi təkliflər gələrsə ölkə rəhbərliyi
tərəfindən bu təkliflərə dərhal müsbət reaksiya veriləcəkdir.

Böyük elm mücahidi Cordano Bruno deyirdi: “Elm insan ruhunun
qəhrəmanlığı üçün ən gözəl yoldur”. Elmin elm yolunda qəhrəmanlıq
göstərməyə hazır və qadir olan insanlara böyük ehtiyacı var. Əsil
alim nə vəzifə, nə maddi dəyər, nə də şöhrət uğrunda mübarizə
aparmır. Elm onların peşəsi, taleyi və layəqətidir.

Asəf Haciyev,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin
Baş katibi,
AMEA-nın akademiki, Ümumdünya elmlər Akademiyasının
üzvü

Teqlər: