Video təlim platforması sahibkarların istifadəsinə verilib

Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların fəaliyyəti üçün zəruri olan biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması üçün daha bir dəstək mexanizmi istifadəyə verildi.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AzerTimes-a verilən məlumata görə, sahibkarların təlim-tədris imkanlarının genişləndirilməsi və biznes sahəsində qabaqcıl təcrübənin tətbiqinin sürətləndirilməsi məqsədilə innovativ yanaşma və müasir təcrübə əsasında KOBİA tərəfindən video təlim platfoması yaradılıb. Platformada biznesə başla, yumşaq bacarıqlar, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm, ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, mövzuların təqdimatları və özünüqiymətləndirmə testləri yerləşdirilib.

KOB-lar, startaplar və biznesə başlamaq istəyən şəxslər www.kobim.az saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq video təlimlərdən yararlana, qazandıqları bilikləri özünüqiymətləndirmə testləri vasitəsilə yoxlaya bilərlər.


Video təlim platforması sahibkarların və biznesə başlamaq istəyən şəxslərin vaxtına və xərclərinə qənaət etməyə, istənilən yerdə peşəkar təlimçilərin təlimlərindən yararlanmağa imkan verəcəkdir.

Sahibkarların ehtiyacları nəzərə alınmaqla platforma mütəmadi olaraq yenilənəcək, platformaya yeni təlim videoları yerləşdiriləcəkdir.