Vəzifədən gedənlərin qarajından nələr çıxır…

Vəzifədən gedənlərin qarajından nələr çıxır…

Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağında, ya qarajında, ya da başqa yerdə külli miqdarda vəsaiti, burada, ya xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, “cinayət yolu ilə əldə edilmiş əmlak” sözü sıravi vətəndaşa aid deyil:

“Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffalandırılmasının vaxtı çatıb. Bununla bağlı qanunun qəbul edilməsi lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.

S.Rüstəmxanlı PKK terror təşkilatından da bəhs edib:

“Qardaş Türkiyə PKK-ya qarşı mübarizə aparır. Dünyanın bir sıra ölkələri PKK-nı terror təşkilatı kimi tanıyıb. Biz PKK-nı terrorçu təşkilat kimi tanımamışıq. Düzdür, prezident bu məsələyə münasibət bildirib, müəyyən sənədlərdə bu qeyd ediulib. Mətbuatda gedən xəbərlərdə Azərbaycanda vəzifə sahibi olan, əyri yolla para qazanan insanlar belə təşkilatlara köməklik edirlər. Görünür, dövlət bunun qarşısını almaq üçün ayrı tədbirlər də görməlidir”.

Teqlər: