Vətəndaşlara hədə-qorxu gələn sayt rəhbəri 7 il azadlıqdan məhrum edildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinaytlər Məhkəməsində hədə-qorxu ilə pul tələb
etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud
Səfərovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən
şəxslərin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən,
“cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli
oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir
olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər
vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici,
işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə
hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul
vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr
müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin
182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu
ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə)
maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq
qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: