Vətəndaşlar bu dərmanlarla pulsuz təmin edilir

Xəbər - Humay Ağacanova – Trend:

Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı
istifadə olunan dərman və tibbi sərf Xidmətlər Zərfi çərçivəsində
təmin edilir.

Bu barədə AzerTimes-ın sorğusuna
cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat
verilib.

Qeyd olunub ki, tibb müəssisəsində ambulator tibbi yardım
çərçivəsində göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən
anesteziya xidməti, dərman təminatı və tibbi sərf Xidmətlər Zərfi
ilə təminata alınır.

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik)
tərəfindən Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu
çatışmazlığı diaqnozu qoyulan uşaqlar ödənişsiz müalicə olunur.
Agentlik tərəfindən uşaqlar boy hormonu preparatı ilə təmin olunur.
Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında
pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə
zonalarının bağlanmasına yəni, sümük yaşı (rentgen müayinəsinə
əsasən uşağın skeletinin sümüklərinin inkişafına uyğun gələn yaşın
şərti mənası) qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz
verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu
çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir.

Qeyd edək ki, boy hormonu çatışmazlığının müalicəsinin Xidmətlər
Zərfinə daxil olmamasına baxmayaraq, Agentlik uşaqların fiziki
inkişafdan geri qalmasının qarşısını almaq və boyqısalığı olan
uşaqları erkən aşkarlamaq məqsədilə sözügedən xidməti təmin edir”,
–deyə əlavə edilib

Həmçinin bildirilib ki, Agentliyə müharibə iştirakçısı, şəhid
ailəsi üzvü və müharibədən zərər çəkmiş şəxs tərəfindən daxil olan
müraciətə əsasən psixoloji yardım mərkəzlərində müayinə əsasında
psixi pozuntuların müalicəsi üçün 6 adda zəruri psixotrop dərman
preparatları ödənişsiz təqdim olunur.

“Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən
təchiz edilən dərman preparatlarını regional psixoloji yardım
mərkəzlərinin fəaliyyət göstərdiyi müəssisələrdən və ya burada
çalışan psixoloqların yönləndirdiyi tibb müəssisələrindən əldə
etmək olar.

Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin
olunan dərman vasitələri Xidmətlər Zərfinə daxil deyil”, –deyə qeyd
edilib.

Teqlər: