Vətəndaşlar “Ana fəryadı” abidəsini ziyarət etməyə başlayıblar (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu gündən Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ucladılmış “Ana fəryadı” abidəsinin kütləvi ziyarətinə
başlanılıb.

Trend-in məlumatına
görə, vətəndaşlar abidə önünə gələrək Xocalı faciəsi qurbanlarının
xatirəsini yad edirlər.

Abidənin yerləşdiyi parkda təmizlik-abadlıq işləri görülüb,
abidənin ətrafında və parkda yeni güllər əkilib. Xocalı prospekti
boyu binaların fasadlarına, hasarlara Xocalı soyqırımına aid
bannerlər vurulub.

İnsanların “Ana fəryadı” abidəsini rahat ziyarət etmələri üçün
tədbirlər görülüb.


Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə
Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379
nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov
götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o
cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif
yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə
məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə
valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq,
70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Foto: Zaur Mustafayev

Teqlər: