Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi
tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən
Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanaraq istintaqı aparılıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, istintaqla
İlkin Babayevin özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi
təqdim edib guya prokurorluq orqanlarında yuxarı vəzifə tutan yaxın
münasibəti olduğu səlahiyyətli şəxs vasitəsilə məhkəmənin
icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində
seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə
əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin
yaxın qohumuna yalan vəd verərək, ona olan inam və etibardan
sui-istifadə etməklə 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda
sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul vəsaitini alıb
şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də qeyd olunan hərəkətləri
ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı
şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-
xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci
(vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham
elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə
göndərilib.

Teqlər: