Vətəndaş Qəbulu Mərkəzinin açılışı Prezident İlham Əliyevin vətəndaşlara qayğısının növbəti təzahürüdür – Sahil Kərimli

Prezident Administrasiyasının (PA) Vətəndaş Mərkəzinin açılışı
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlara olan xüsusi
diqqət və qayğısının növbəti təzahürüdür.

Bu sözləri Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert
Sahil Kərimli deyib.

O bildirib ki, vətəndaşların problemlərinin həlli Azərbaycan
dövlətinin daim xüsusi diqqətdə saxladığı prioritet məsələlərdən
biri olub.

“Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki,
dövlət məmurları xalqın xidmətçiləridir, onlar vətəndaşları
mütəmadi qəbul etməli, qayğıları ilə şəxsən maraqlanmalı və
problemlərinə köməklik göstərməldir. Prezident İlham Əliyevin bu
gün açılışını etdiyi Vətəndaş Qəbulu Mərkəzi ölkə vətəndaşlarının
məmnunluğunun artırılmasına, onların dövlət qurumlarının
rəhbərliyinə əlçatanlığının daha keyfiyyətli və asan təmin
edilməsinə xidmət göstərəcək.

Bundan əvvəl də əvvəlcədən təyin edilmiş qrafik əsasında dövlət
orqanlarının rəhbərləri, vəzifəli şəxslər vətəndaşları qəbul edir,
onların problemlərini dinləyir, həllinə köməklik göstərirdilər.
Lakin PA-nın Vətəndaş Qəbulu Mərkəzi istifadəyə verildikdən sonra
vətəndaş qəbulları daha asan və rahat həyata keçiriləcək. İnsanlar
vaxt itirmədən asanlıqla qəbullara düşə biləcək, Azərbaycan
Prezidentinin köməkçiləri, Prezident Administrasiyasının yüksək
vəzifəli şəxsləri və digər aidiyyəti qurumların rəhbərləri ilə
şəxsən görüşəcək, problemlərini birbaşa ünvana çatdıracaqlar.
Bundan əlavə, Mərkəzdə yaradılan müasir şərait, texniki vasitələr
imkan verəcək ki, vətəndaşları narahat edən məsələlər dərhal
araşdırılsın. Həmçinin, istifadəyə verilən 1111 Çağrı Mərkəzinə
zəng edən insanlar onları narahat edən məsələlərlə bağlı məlumat
verə biləcəklər.

Bütün bunlar olduqca təqdirəlayiq haldır. Biz bir daha şahidi
olururq ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Dövlət həmişə olduğu kimi, yenə öz
vətəndaşının arxasındadır, dövlət qurumları problemi olan
vətəndaşın yanındadır. Yeni Mərkəzin fəaliyyətə başlaması heç
şübhəsiz ki, vətəndaşların problemlərinin çevik və operativ həllinə
şərait yaradacaq. Dövlət orqanları bu istiqamətdə daha keyfiyyətli
fəaliyyət göstərəcək, vətəndaş-məmur münasibətləri yeni və müasir
mərhələyə qədəm qoyacaq”, deyə S.Kərimli qeyd edib.

Teqlər: