Vətən müharibəsinin daha 61 iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub (FOTO/VİDEO)

Aprelin 7-də Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis
orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək
arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, nazir
ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının
vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən
Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki
səhifələrində verilmiş elana uyğun olaraq Nazirliyə onlayn qaydada
müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 277 nəfər seçim
turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 61 nəfəri
Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafında, həmçinin
Vətən müharibəsində gənclərimizin böyük rolu olduğunu, ölkəmizin
ümumi inkişafına töhfə verdiklərini vurğulayıb. O, daxili işlər
orqanlarında xidmətə qəbul ediləcək gənclərə fəaliyyətlərində
uğurlar arzulayıb və tövsiyələrini verib.

Teqlər: