“Ermənistanın 30 illik işğalına 44 günlük Vətən müharibəsində
son qoyulması, ədalətin, Azərbaycanın ərazi bütövlüyünün bərpa
edilməsi malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol
oynadı. Rəsmi Bakı münaqişənin davam etdiyi dövrdə dəfələrlə ən
yüksək tribunalardan bəyan edirdi ki, ərazi bütövlüyümüz danışıqlar
mövzusu deyil və ola da bilməz. Azərbaycanın tam haqqı var ki,
torpaqlarını istənilən yolla azad etsin. Bu müstəsna hüququmuz əsas
götürülərək sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə
variantı heç zaman istisna edilmədi. Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı
Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi
hissəsinin şəxsi heyəti qarşısındakı nitqində bu məqamı xüsusi
vurğuladı ki, Prezident kimi öz səlahiyyətlərimi icra etməyə
başlayan zaman mənim üçün birinci vəzifə ordu quruculuğu oldu.
Çünki torpaqlarımız işğal altında idi, danışıqlara ümidlərimiz
tükənmişdi və güc yolu ilə bu məsələni həll etməli idik. Nəyin
bahasına olursa-olsun torpaqlarımızı düşmənin əlindən alacağımızı,
ərazi bütövlüyümüzü bərpa edəcəyimizi bəyan etdik və belə də
oldu.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
V.Rəhimzadə diqqəti bugünümüz üçün yaradılan möhkəm təmələ
yönəldərək bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi
Təyinatlı Qüvvələr yaradılması Ümummilli Liderin uzaqgörən
siyasətinin əyani təzahürlərindən biridir: “İkinci Qarabağ
müharibəsindəki tarixi Zəfərimizdə Xüsusi Təyinatlı Qüvvələrin rolu
misilsizdir. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü
orduya malik olmaq lazımdır” söyləyən ulu öndər Heydər Əliyevin
ordu quruculuğu istiqamətində atdığı addımlar davamlılığı ilə
diqqət çəkdi. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin
səbəbləri məlumdur. O zaman nizami ordu yox idi, ordu quruculuğu
aparılmırdı. Hakimiyyəti zəbt etdən səriştəsiz, idarəçilik
qabiliyyəti olmayan antimilli ünsürləri dövlət maraqları deyil,
özlərinin şəxsi ambisiyalarını həyata keçirmək düşündürürdü. Məhz
onların xəyanəti nəticəsində Şuşanın, Laçının, Kəlbəcərin düşmən
tərəfindən işğal olunması Dağlıq Qarabağla Ermənistan arasında
coğrafi bağlantı yaratdı. Ermənistanın Azərbaycan torpaqlarını
işğal etmək niyyəti reallığa çevrildi.”
“Artıq ilyarımdır ki, tarixi Zəfərimizdən, Azərbaycan Ordusunun
planetimizə səs salan gücündən, qüdrətindən, işğalçı Ermənistana
heç zaman unuda bilməyəcəyi dərsin verilməsindən, dünyaya ədalət,
beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu qəbul
etdirməyimizdən iftixar hissi ilə söhbət açırıq” söyləyən YAP Xətai
rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin
siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücləndi, döyüş
qabiliyyətini daha da möhkəmləndirdi, gənclərimiz milli
vətənpərvərlik ruhunda böyüyərək torpaqlarımızı işğaldan azad etmək
üçün Ali Baş Komandanın “Hücum!” əmrini gözlədiklərini hərbi
xidmətə xoş əhval-ruhiyyə, mübarizə əzmi ilə yollanmaları ilə
təsdiqlədilər: “Azərbaycan Ordusu hansı imkanlara malik olduğunu
hələ 2016-cı ilin Aprel döyüşlərində nümayiş etdirmişdi. Aprel
döyüşlərindəki Qələbəmizdə də xüsusi təyinatlıların çox böyük
xidmətləri olmuşdur. Amma bu Qələbəmiz təəssüf ki, işğalçılar üçün
dərs olmadı. Düşmən işğalı əbədiləşdirmək üçün yeni ərazilər
uğrunda müharibə planları hazırladı və 44 günlük İkinci Qarabağ
müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət
onların bu kimi sərsəm xülyalarını alt-üst etdi, Ermənistan silahlı
qüvvələri layiq olduğu dərsi aldı. “Qarabağ Ermənistandır və nöqtə”
deyən Ermənistanın baş naziri Nikol Paşinyan döyüş meydanında
biabırçı məğlubiyyətdən sonra kapitulyasiya aktına imza atmağa,
“Qarabağ Azərbaycandır” etirafını səsləndirməyə məcbur oldu. Bəli,
möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsi şanlı
tariximizdir. Ermənistan ordusu 44 gündə tamamilə məhv edildi.
Erməni ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi
Qənimətlər Parkında nümayiş etdirilir. Dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı
Qüvvələrinin “N” saylı hərbi hissəsinin şəxsi heyəti qarşısındakı
nitqində bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, vaxtilə
Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi.
Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək
istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni
tankları Bakının küçələrində oldu. Amma onlar paytaxtımıza məhv
edilmiş vəziyyətdə gətirildi. İndi o tanklar və düşmənin digər
hərbi texnikası Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.”
“Xalqımız bizə bu Zəfəri yaşadan dövlət başçısı, Müzəffər Ali
Baş Komandan İlham Əliyevə, Azərbaycan Silahlı Qüvvələrinin əsgər
və zabitlərinə hər zaman minnətdarlığını ifadə edir. Bizim üçün
xüsusilə qürurverici faktdır ki, Azərbaycanın müharibə təcrübəsi,
dünyaya səs salan Şuşa əməliyyatı bu gün beynəlxalq ekspertlər
tərəfindən öyrənilir. Qarabağın tacı olan Şuşanın işğaldan azad
edilməsi möcüzə kimi dəyərləndirilir. Prezident İlham Əliyev
Şuşanın işğaldan azad edilməsinin müharibənin ilk günündən
sonunadək əsas hədəfimiz olduğunu önə çəkərək bu Zəfərdə xüsusi
təyinatlıların rolunu xüsusi qeyd edir. Mədəniyyət paytaxtımızın
azad olunması gücümüzü, ordumuzun peşəkarlığını, hərbçilərimizin
cəsarətini, qəhrəmanlığını göstərdi. Bu əməliyyatı yalnız yüngül
silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan,
meşələrdən, cığırlardan keçərək icra etdilər”, -deyə Vüqar
Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bu gün tarixi
Zəfərimizin yaratdığı yeni reallıqlar mərhələsini yaşayırıq: “Bu
reallıqların əsas tərkib hissəsi işğaldan azad edilmiş
ərazilərimizin bərpası və yenidən qurulmasıdır. 44 günlük Vətən
müharibəsində əsas hədəfimiz 30 il düşmən tapdağı altında olan
torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması idi. Bu gün isə
Azərbaycanın müdrik Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad edilmiş
ərazilərimizin dirçəldilməsi, cənnət məkana çevrilməsi başlıca
vəzifəmizdir. “Tarixi ədaləti bərpa etdik. Xalq qarşısında, tarix
qarşısında, gələcək nəsillər qarşısında öz vətəndaşlıq borcumuzu
şərəflə yerinə yetirdik” söyləyən cənab İlham Əliyev hazırkı dövrdə
ordu quruculuğunun uğurla davam etdirilməsini əsas hədəf kimi
müəyyənləşdirir. Çünki Ermənistanda bu gün də revanşist qüvvələr
baş qaldırır, regionu yenidən qanlı müharibə poliqonuna çevirmək
kimi sərsəm niyyətlərindən əl çəkmirlər. Belə bir şəraitdə Müzəffər
Ali Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu
prosesi yeni reallığa uyğun davam etdirilir. Fəxr edirik ki, bu gün
ordumuz müharibə dövründəkindən daha güclü, daha qüdrətlidir.”
Vüqar Rəhimzadə işğal və postmünaqişə dövrünün reallıqları
fonunda bu ümumiləşdirməni aparıb ki, Azərbaycan 30 ilə yaxın
müharibə şəraitində yaşasa da bütün sahələrdə qazandığı möhtəşəm
uğurlarla dünyaya təkmil inkişaf modelini təqdim etdi. Bu
uğurlarımızın yol açdığı tarixi Zəfərimiz ölkəmizin mövcud
imkanlarını daha da genişləndirdi, Azərbaycanı qalib ölkə,
xalqımızı müzəffər xalq kimi dünyaya təqdim etdi. Bu Zəfər,
qalibiyyət tariximizdə əbədi qalacaq