Vətən müharibəsindəki qələbəmizə aparan yol Tovuz döyüşlərindən başladı – Arzu Nağıyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Tovuz döyüşlərindən 1 il ötür. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yol, təməl Tovuz döyüşlərindən başladı.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun qüdrəti və peşəkarlığı, xalqın birliyi bir daha nümayiş olundu: “Bildiyiniz kimi, Tovuz döyüşləri Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması ilə başladı.

Tovuz döyüşləri Ermənistan tərəfinin Azərbaycana qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı təxribat idi. Lakin Ermənistan tərəfi məkrli niyyətinə nail ola bilmədi, əksinə, daha da çətin duruma düşdü. Bu döyüşlər düşmənə növbəti tarixi dərs oldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu ağır itkilərə məruz qoydu”.

A.Nağıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun gücü qarşısında aciz qalaraq geri çəkilməyə məcbur oldu: “Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşdı və heç bir ərazi itkisi olmadı. Tovuz döyüşləri ikinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin təməli oldu və bu döyüşlərdə əldə olunan qələbə torpaqlarımızın işğaldan azad olunmasına qədər davam etdi”.

Deputat əlavə edib ki, bu döyüşlərdə Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və peşəkarlıq göstərdi: “Təəssüflər olsun ki, bu döyüşlər zamanı şəhidlərimiz də oldu. Belə ki, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldular.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

İllər ötəcək, zaman keçəcək, lakin Tovuz döyüşləri Azərbaycan tarixində qəhrəmanlıq nümunəsi kimi qalacaq”.

Teqlər: