Vətən müharibəsində yaralanmış 2 659 hərbi qulluqçuya əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən
müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin
qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam
etdirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.

Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun
olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial
ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət,
yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb.


Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə
yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri
ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və
müvafiq sənədləşdirmə işləri aparılır.

Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət
Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və
ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi
məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş
(forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin
qiymətləndirilməsi aparılaraq qərar verilir.

Teqlər: