Vətən müharibəsi zamanı İtaliya özünün dost münsaibətini göstərdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İtaliya Azərbaycanın strateji tərəfdaşıdır və iki ölkə arasında böyük ticarət mübadiləsi var. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi zamanı bir daha Azərbaycan və İtaliya arasında çox zəngin dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu vurğuladı.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev həmçinin bildirib ki, İtaliya Vətən müharibəsi zamanı Azərbaycanın haqq işini dəstəkləyən ölkələrdən oldu: “Ona görə də İtaliya Azərbaycan üçün dost ölkədir. Vətən müharibəsi zamanı da Prezident İlham Əliyev öz müsahibəsində hər zaman qeyd edirdi ki, dost-düşmən çətin zamanda bilinir və İtaliya özünün dost münsaibətini göstərdi. Möhtəşəm qələbədən sonra həmçinin, İtaliya parlamentinin nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər edərək erməni vəhşiliyinin bir daha şahidi oldular”.

S.Hüseynova vurğulayıb ki, Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqla, yeni əməkdaşlıq platformaları yaradıb: “Bu əməkdaşlıq platformaları nəticəsində Azərbaycan böyük bir tranzit ölkəyə, kommunikasiya mərkəzinə çevrilir. Yeni reallıqlar karbohidrogen layihələrinə əlavə olaraq, həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə imkan yaradıb.

Bu gün İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli şəkildə inkişaf edir. Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası üçün sərmayə yatıran şirkətlər içərisində İtaliya şirkətləri də var və onlar bölgənin reinteqrasiya işlərinə öz əməli töhfələrini əsirgəmirlər. Qeyd edək ki, Trans-Adriatik kəməri üzrə İtaliya Azərbaycandan qaz almağa başlayıb. İtaliya ilə münasibətlərin inkişaf tempi göstərir ki, Azərbaycan Avropa ölkələri üçün ən etibarlı enerji partnyorudur”.

Teqlər: