Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda
edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə
ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsi
şəhidləri Əfqan Nəsirov və Teymur Həsənovun xatirəsinə həsr olunan
tədbirlərdə Müdafiə Nazirliyinin və Dövlət Gömrük Komitəsinin
əməkdaşları, Yasamal və Nəsimi rayonu İcra Hakimiyyətlərinin
nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş
yoldaşları iştirak ediblər.
Anım tədbirlərində əvvəlcə ulu öndər Heydər Əliyevin və
ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Tədbir iştirakçılarına şəhidlərimizin ömür və döyüş yolundan
bəhs olunub.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə
rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən
müharibəsinin tarixi əhəmiyyətindən, bu zəfərin qazanılmasında igid
oğullarımızın göstərdiyi igidlik və şücaət nümunələrindən
danışıblar. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi dövlətimiz
tərəfindən hər zaman ehtiramla yad edilir.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, eləcə də övladlarının xatirəsinin daim uca tutulduğuna
görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən
vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.