Vətən müharibəsi şəhidi baş leytenant Babayev Vüsalın anım mərasimi keçirilib (FOTO)

25 oktyabr 2021-ci il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun il mərasimi keçirilib.

Səhər saatlarında Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı Rauf Əliyev, RİH başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunub, şəhidin məzarı önünə əklillər qoyulub, gül dəstələri düzülüb, dualar oxunub.

Şəhidin məzarı önündə çıxış edən RİH başçısı Vasif İmanov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirdi.

RİH başçısı nitqinin sonunda şəhid baş leytenant Vüsal Babayevin timsalında hər bir şəhidin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğuladı. Anım mərasimində çıxış edən Millli Məclisin deputatı Rauf Əliyev qeyd edib ki, xalqımız torpaqlarımızın azad olunmasında canlarından keçən vətən övladlarının xatirəsini daima əziz tutur. Şəhidlər öz canları bahasına vətən torpaqlarını işğaldan azad edərək Azərbaycan tarixinin ən şanlı tarixini yazdılar. Şəhidlərin xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.
Daha sonra rayon rəsmiləri və ictimaiyyət nümayəndələri Pirallahı rayonunda keçirilən şəhidin il mərasiminə qatılaraq ailə üzvlərinə baş sağlığı veriblər.


Mərasimdə iştirak edən RİH başçısı və Millət vəkili şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanmış, onların bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını ifadə edib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin!

Teqlər: