Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi qaydası müəyyənləşib – Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən
Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış
mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli
Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan
Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə,
eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər)
əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə
verilməklə özəlləşdirilir; mənzillərin özəlləşdirilməsi bu Fərmanın
1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə
alınmaqla həyata keçirilir.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Fərmandan irəli gələn
məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, bu Fərmanın 1.2-ci bəndi
nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan
şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və
mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz
əmlaka dair texniki pasportun verilməsini təmin etsin; bu Fərmandan
irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər
görsün.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871
nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin
siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq
göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici
sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təqdim edəcək, bu Fərmandan irəli gələn
digər məsələləri həll edəcək.

Teqlər: