Vergiləri ödəməkdən yayınan şəxs barədə “ev dustaqlığı” qətimkan tədbiri seçilib

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin müşahidə şurasının sədri
Orucov Rəsul Qardaşxan oğlunun cinayət işi üzrə dəqiqləşdirilməmiş
məlumatlar yayılıb.

AzerTimes-ın məlumatına görə,
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələyə
aydınlıq gətirərək bildirir ki, Vergi Cinayətlərinin İbtidai
Araşdırılması Baş İdarəsində “Ağstafa Aqro” MMC-nin təsisçisi
olduğu “AK Petroleum İndustrial Company” MMC-nin ümumilikdə
xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta haqlarının
dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə
12.04.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213.3-cü maddəsilə
cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Həmin müəssisənin fəaliyyətinə faktiki rəhbərlik edən Orucov
Rəsul Qardaşxan oğlu istintaqa gəlməkdən boyun qaçırdığından
barəsində axtarış elan edilib və bu il fevralın 2-də tutularaq
istintaqa təhvil verilib. Rəsul Orucov həmin müəsssisə üzrə
ümumilikdə xüsusilə külli miqdar təşkil edən vergilər və sığorta
haqlarının dövlət büdcəsindən yayındırılması epizoduna görə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona ittiham elan
edilib.


Yasamal rayon məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı
ilə Rəsul Orucov barəsində həbs qətimkan tədbiri seçilib və müdafiə
tərəfinin vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 14 fevral
2022-ci il tarixli qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan
tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilib.

Hazırda həmin cinayət işi üzrə zəruri əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
Kütləvi informasiya vasitələrindən istintaq olunan cinayət işləri
üzrə məlumat yayarkən qurumun mövqeyinin dəqiqləşdirilməsi tövsiyə
olunur.

Teqlər: