Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin əməliyyat nəticəsində həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərdən birinin vəkili koronavirus infeksiyasına yoluxub.
Vəkilin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsi mümkün olmadığından növbəti məhkəmə sentyabrın 20-nə təyin olunub.
Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.