Vaşinqtonda Kennedi Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)

25 fevral tarixində Vaşinqtonun məşhur Kennedi Mərkəzinin Ədalət
Forumu (Justice Forum) zalında Xocalı soyqırımının 30-cu ildönümü
ilə bağlı “Həqiqət və Ədalət” başlıqlı anım tədbiri keçirilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən AzerTimes-a verilən məlumata görə, Səfirlik
tərəfindən təşkil olunan və 150-ə yaxın qonağın qatıldığı tədbirdə
Türkiyənin, Pakistanın və Qırğızıstanın ABŞ-dakı səfirləri,
diplomatik korpusun nümayəndələri, ABŞ-ın beyin mərkəzlərinin
əməkdaşları, ABŞ ictimaiyyətinin nümayəndələri, habelə azərbaycanlı
icması iştirak edib.

Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad
edildikdən sonra, Ermənistanın təcavüzü nəticəsində ailəsi ilə
bərabər Ağdamdan köçkün düşmüş əslən Şuşalı olan Arzu Məmmədova
Ermənistanın Azərbaycanda apardığı işğalçılıq siyasəti haqqında
danışaraq, Xocalı faciəsi barəsində qonaqları məlumatlandırdı. Arzu
Məmmədova, Xocalı soyqırımı nəticəsində valideynlərini itirmiş
uşaqlardan aldığı müsahibələrdən təəssüratlarını bölüşüb.

Tədbirdə çıxış edən səfir Xəzər İbrahim Xocalı soyqırımının
Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğunu, tarix boyu
ermənilərin həqiqəti boğmağa çalışdığı, onların ədalətə qarşı
mübarizə apardığını vurğuladı. Xocalı soyqırımının yalanlarla
gizlədilməyə çalışılmasına baxmayaraq, bu faciənin tarixin
yaddaşına həkk olunduğunu qeyd etdi. ABŞ mətbuatında və beynəlxalq
hesabatlarda dərc olunmuş məqalələr və yazıların əhəmiyyəti diqqətə
çatdırılaraq, bu məlumatların səfirlik tərəfindən bir nəşrdə
toplanıldığı barədə məlumat verildi. Xocalı soyqırımını
törədənlərin öz cəzalarını tapacaqları və ədalətin bərpa olunacağı
səfir tərəfindən vurğulandı.

Daha sonra, Türkiyənin ABŞ-dakı səfiri Murat Mərcan çıxış
edərək, yüzlərlə azərbaycanlının həlak olduğu və minlərlərlə
insanın zərər çəkdiyi Xocalı qətliamının bütün türk dünyasının
faciəsi olduğunu bildirdi. Səfir eyni zamanda, ölkəmizin 44-günlük
müharibə zamanı qələbəsindən bəhs edərək, Xocalı qurbanlarına qarşı
cinayətin unudulmamasının əhəmiyyətini, bunun xatirlərdə
yaşadılmasının vacib olduğunu diqqətə çatdırdı.

Anım tədbirində, Xocalı soyqırımı zamanı Azərbaycanda olan,
faciənin nəticələrinə şahidlik etmiş, amerikalı səyyah və
jurnalist, “Azərbaycan Gündəliyi” kitabının müəllifi Tomas Qoltz-un
səfirlik tərəfindən əvvəlcədən qeydə alınmış videomüraciəti təqdim
olundu. O, Xocalıda gözləri ilə şahid olduğu dəhşətləri qonaqlarla
paylaşaraq, həmin tarixdə baş vermiş tarixi hadisələrə şərhlərini
diqqətə çatdırdı. O, Xocalıya ədalətin hələ də təmin olunmadığını,
bunun üçün əlindən gələni etməyə hazır olduğunu bildirdi. T.Qoltz
“Azərbaycan Gündəliyi” kitabının davamı olaraq, yeni kitab üzərində
işlədiyini və bu kitabda Azərbaycanın mədəniyyətini, ənənələrini,
mətbəxini və insanların tolerantlığını tərənnüm edəcəyini qeyd
etdi.

Teqlər: