Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTO)

Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü,
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ
diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr
edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən AzerTimes-a
bildirilib ki, ABŞ tərəfi tədbirdə dövlət katibinin Avropa və
Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir
Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri
üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu
qərargah rəisi briqadir general Con Harrison tərəfindən təmsil
olunub. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya
Bürosunun rəisinin müavini general leytenant Mark Sassevil, ABŞ
Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü
Stiv Şabot və konqres üzvü Daq LaMalfa habelə Konqres üzvlərinin
çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Bununla yanaşı, mərasimdə
20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan
üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi
təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Tədbirdə ilk öncə çıxış edən səfir Xəzər İbrahim ölkələrimiz
arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif
istiqamətlərindən bəhs etdi. Cari ilin mart ayında Prezident
Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ
əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha
ifadə edildiyini diqqətə çatdırdı. Tədbirimiz keçirildiyi zaman
ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda,
ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin
ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirdi.
Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf
edəcəyinə ümidvar olduğu qeyd edildi. Səfir eyni zamanda, Oklahoma
ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın
əhəmiyyətindən bəhs edib.

Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər üç
əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hal-hazırda
ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik,
transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji
təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə
əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını
vurğulayıblar. ABŞ tərəfi post münaqişə dövründə Azərbaycanın
həyata keçirdiyi yenidən qurma işlərinə, minaların təmizlənməsi və
humanitar yardım sahələrində dəstəyi artıqmaqda maraqlı olduğunu
vurğulamışdır. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində
ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb
etdiyi diqqətə çatdırılıb.

Ziyafət zamanı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30
illiyinə həsr edilmiş və silahlı qüvvələr gününə aid video-çarxlar
nümayiş etdirilmişdir. Tədbirin musiqili hissəsində Vaşinqtonda
fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında
“Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm
Nəcəfzadə “Sarı Gəlin” və “Koroğlu” operasından musiqi əsasında
milli rəqslərimizi ifa eedib.

Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim
edilmişdir. Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş Direktorunun
müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya
Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan
mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər
hazırlanmış, Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah Plov”
xüsusi təqdimatla qonaqlara təqdim edilib.

Tədbir zamanı Şur Trio İnstrumental Qrupunun üzvləri Vüsal
İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya
musiqisindən parçalar ifa etmişdirlər. Həmçinin ABŞ-da yaşayan
soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal
ifası ilə tədbirə rəng qatıblar.

Tədbir zamanı Azərbaycan xalçaçılıq sənətinin nümunələri
sərgilənmişdir. Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən
ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı
xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır. Həmçinin
tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən
ABŞ-da yaşayan həmvətinimiz Əbülfəz Bahadorinin rəsm əsərləri
sərgilənmiş, Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad
olunmuş ərazilərimizə aid kitablar və nəşrlər ilə tanış
olublar.

Teqlər: