“Vaşinqton Post” yenə erməni yalanına alət oldu

“Vaşinqton Post” yenə erməni yalanına alət oldu

Ermənistanın və erməni diasporunun, eyni zamanda onları dəstəkləyənlərin beynəlxalq səviyyədə Azərbaycana qarşı qarayaxma kampaniyası davam edir.

AzerTimes xəbər verir ki, sözügedən kampaniyanın davamı kimi bu gün ABŞ-ın “Vaşinqton Post” qəzetində İshaan Tharoor adlı müəllifin “Ermənilər yeni soyqırımın baş verəcəyini anlayırlar. Azərbaycan isə bunu təbliğat kimi görür” (Armenians see a new genocide taking place. Azerbaijan sees propaganda) adlı məqaləsi dərc olunub.

Məqalədə müəllif Qarabağı “artsax” adlandırıb və Azərbaycanı Laçın yolunu bağlamaqla BQXK-nın humanitar yardım çatdırmasını əngəlləməkdə ittiham edib. Yazıda Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, ermənipərəst Luis Moreno Okamponun fikirlərinə geniş yer verilib. Okampo da Qarabağdakı ermənilərin “aclıq” çəkdiyi yalanını təkrarlayıb və bunun “soyqırım aktı” olduğunu bildirib. O, bütün bunları deyərkən BMT-nin 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”sının 2-ci maddəsinə istinad etdiyini bildirib ( Görəsən, Azərbaycan xalqı soyqırımlara məruz qalanda, qaçqın və köçkün həyatı yaşayanda bu konvensiya yadlarına niyə düşmürdü? – red.).

Okampo “aclığı” görünməz soyqırım silahı adlandırıb və dərhal dəyişiklər olmadığı halda Qarabağdakı ermənilərin bir neçə həftəyə “məhv ediləcəyi” haqqında sərsəmləyib. O, Qarabağdakı ermənilərin vəziyyətini Osmanlı dövründə guya zorla öz yerlərindən köçürülən ermənilərin vəziyyəti ilə müqayisə edib.

Səsləndirilən fikirlər yazı müəllifinin və BCM-nin keçmiş prokuroru Okamponun erməni diasporunun dirijor çubuğu ilə hərəkət etdiyini göstərir. Ermənistan dövləti də eyni yalan iddialarla BMT TŞ-nin iki gün öncə keçirilən iclasında çıxış etdi, ancaq Azərbaycan tutarlı faktlarla qarşı tərəfi yerinə oturtdu. Son nəticədə isə BMT TŞ-də məsələ ilə bağlı ölkəmiz əleyhində heç bir qərar qəbul olunmadı, yəni Ermənistan beynəlxalq ictimaiyyəti aldada bilmədi. BMT TŞ-nin hazırda dünyada ən səlahiyyətli qurum olduğunu nəzərə alsaq, rəsmi İrəvanın yalanları ilə bağlı heç bir qərarın verilməməsini əslində dünyanın bu ölkəyə münasibətinin əsas göstəricisi hesab etmək olar.

Teqlər: