V Beynəlxalq Etnosport Forumunun iştirakçıları birgə bəyanat qəbul ediblər

Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi
altında keçirilən V Beynəlxalq Etnoidman Forumunun iştirakçıları
birgə bəyanat qəbul ediblər.

AzerTimes xəbər verir
ki, bəyanatı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov,
Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Türkiyənin
gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, BMT-nin
Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif,
Nigerin gənclər və idman naziri Sekou Doro Adamou, Meksikanın Milli
Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana
Qabriela Guevara Espinoza, Qambiyanın gənclər və idman naziri
Bakari Badjie və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad
Amreyev imzalayıblar.

Bəyanatda ənənəvi idman növlərinin milli və beynəlxalq səviyyədə
inkişafı, dəstəklənməsi və kütləviliyinin artırılması məsələləri
əksini tapıb.

Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman
növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun
mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması,
eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir
tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz
illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə
də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində
əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair
qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına
və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki,
dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin
inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da
Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək
diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman
oyununun – çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Reprezentativ Siyahısına salınması böyük
uğurlarımızdandır.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il
İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə
Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və
oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz
mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı
qazanırlar.

Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat
ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy
rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas
məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz
illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal
mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi
və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət
olub.

Teqlər: