Xəbər - Çingiz Səfərli – Trend:
“Delta” ştammı uşaqlar arasında daha geniş yayılır. Bu zaman onlarda səpkilər müşahidə edilir.
Bunu AzerTimes-a açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.
O bildirib ki, belə hallar valideynləri çaşdıra bilər və davamlı qızdırma varsa, vaxt itirmədən həkimə müraciət edilməlidir:
“Bu zaman uşağın koronavirus xəstəsi ilə kontaktda olub-olmamasını müəyyənləşdirməyimiz olduqca əhəmiyyətlidir. Artıq Avropanın bir sıra ölkələrində 12-18 yaşarası uşaq və yeniyetmələrin vaksinasiyasına başlanılıb. Düşünürəm ki, böyüklərin peyvəndlənməsi bitdikdən sonra bizdə də uşaqların vaksinasiyasına böyük yer veriləcək.
Çünki uşaqların sağlamlığı bizim üçün çox önəmlidir. Tədqiqatlar göstərir ki, koronavirusa yoluxanlar arasında yeni doğulan körpələrdən qocalara qədər bütün yaş qrupunda insanlar var. Hətta uşaqlar arasında xəstəlik reanimasion vəziyyətə qədər yüksələ bilər”.
Mütəxəssis son dövrlərdə ölkədə koronavirusa yoluxma sayının artdığına da diqqət çəkib:
“Bu əsasən toy mərasimlərinin kütləvi şəkildə keçirilməsi və bu məclislərdə insanların bəzən qaydalara riayət etməməsindən irəli gəlir. Virusla mübarizədə müəyyən tədbirlərin doğru-düzgün aparılması ilə yanaşı peyvəndləmənin də böyük önəmi var. Bu baxımdan vaksinasiya prosesi gecikdirilməməlidir. ABŞ-ın JAMA tibb jurnalında yayımlanan elmi məqalədə də qeyd olunub ki, vaksin olunmuş şəxs yenidən yoluxanda ağciyərlərdə zədələnmə daha az olur və xəstə daha tez sağalır. Lakin peyvənd olunmayan şəxslər koronavirusu ağır şəkildə keçirir və ölüm riski daha yüksək olur. Buna görə, insanlara səslənirik ki, özlərinin və yaxınlarının həyatlarını riskə atmasınlar, vaxtında peyvənd vurdursunlar. Çünki vaksin vurdurduqdan 43 gün sonra immunitet formalaşır. Bu baxımdan vaxt çox önəmlidir. Bir şəxsin sağlamlığı bütün cəmiyyətin sağlamlığı deməkdir. Bu baxımdan insanlara özlərini qorumalarını tövsiyə edirik. Özümüzü qorusaq, cəmiyyətimizi də qoruya bilərik. Bunun üçün də vaxt itirmədən vaksin vurdurmaq lazımdır. Region ölkələrində də yoluxma sayının artması müşahidə olunur. Artıq bir neçə ölkə açıq havada maska taxılması barədə qərarı bərpa edib. Düşünürəm ki, bu, məntiqli qərardır. Çünki 5-6 nəfər bir yerə yığışarkən maskasız danışırlarsa, yoluxma halı 90 faiz olur. Lakin maskadan düzgün istifadə etmək də önəmlidir. Əgər bir insan maskadan 2 saatdan artıq istifadə edirsə, artıq həmin maska onu qorumayacaq”.
Twitter:@cingizsafarli