Uşaqlarda daha çox hansı ürək xəstəliklərinə rast gəlinir?

Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə
anomaliyadır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
kardioloq Fərid Əliyev deyib.
Trend
Fərid Əliyev ilə müsahibəni təqdim edir.

– Fərid müəllim, infarktın ən çox görülən simptomları
hansılardır?

– Miokard infarktının ən çox görülən simptomu sinədə ağrı
şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə,
qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək
bölgələrinə yayılır. Bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss
edilir və 20 dəqiqədən daha uzun müddət davam edir. Ağrı şiddətli
(göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı
hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə
olduğundan diqqətdən qaçmamalıdır.

Bundan əlavə, aşağıdakı simptomlara da sıx rast gəlinir:
başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və
tərləmə, soyuq tər hissi və s.

– İnfarkt simptomunu hiss edən şəxs ilkin olaraq nə etməlidir?

– Kəskin miokard infarktı zamanı optimal müalicə xəstənin erkən
zamanda koronar müdaxilənin icra edilə biləcəyi mərkəzə
çatdırılması nəticəsində mümkündür. İnfarkt simptomlarını hiss edən
şəxs ilk olaraq dərhal təcili tibbi yardıma məlumat verməlidir.
Erkən zamanda təcili yardımla invaziv müdaxilənin (ürəyin koronar
(tac) damar açılması proseduru) icra edilə bildiyi mərkəzə
çatdırılmalıdır.

İnfarktdan sonra fiziki fəaliyyətin dozası üçün xüsusi
proqramlar var. Təhlükəsiz fiziki fəaliyyət növləri və onların
intensivliyi ilə bağlı kardioloqla məsləhətləşməniz tövsiyə olunur.
Yüksək intensivlikli müqavimət məşqlərindən (ağırlıq qaldırma),
günün soyuq saatlarında və yeməkdən sonra idmanla məşğul olma ürəyə
əlavə yükdür. Bundan əlavə, miokard infarktından sonra bərpa
dövründə bir sıra tənəffüs məşqlərini yerinə yetirmək tövsiyə
olunur.

– Ürək-damar xəstəliklərinin inkişafı üçün əsas risk faktorları
hansılardır?

– Kardiovaskulyar xəstəliklərin yaranması yalnız bir səbəbdən
olmur. Ona görə də bəzi risk faktorları ürək-damar xəstəlikləri
üçün təhlükəni artırır. Belə ki, xroniki böyrək çatışmazlığı,
kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar
xəstəlikləri baxımından risk artmış olur.

Bununla yanaşı, xolesterol səviyyəsinin yüksək olması, piylənmə
və depressiya kardiovaskulyar xəstəliklər üçün risk daşıyan
patologiyalardandır.
Bu səbəbdən də risk faktorları 2 qrupa bölünür – modifikasiya oluna
bilən və oluna bilməyən.

Modifikasiya oluna bilən faktorlara aiddir: yüksək total
xolesterol səviyyəsi; hipertenziya; diabet; pəhrizə riayət
olunmaması və piylənmə; siqaret və alkoqol istifadəsi; fiziki
passivlik.

Modifikasiya oluna bilməyən faktorlara isə ailə (irsi) anamnezi,
cins və yaş göstəricisi aiddir.

– Uşaqlarda daha çox hansı ürək xəstəlikləri rast gəlinir?

– Uşaqlarda ürək xəstəlikləri aşağıdakı qrupları əhatə edir:
anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri;
aritmiya.

Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə
anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya
ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər
qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması;
ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo
tetradası və s. aiddir.

Bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik
olmayan uşaqlarda da aritmiya təsaduf olunur. Ürək döyüntüləri
sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir.
Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli
artır.

Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış
təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna
bilər.

Teqlər: