Uşaqlar arasında yayılan virus pnevmoniyaya səbəb ola bilər? – AÇIQLAMA

Xəbər - Humay Ağacanova – Trend:

Həm uşaqlar, həm böyüklər arasında ötən ilin sonunda yayılan infeksiyalar daha çox bakterial ağırlaşmalar verib, pnevmoniyaya keçirdi.

Bunu Trend-ə açıqlamasında pediatr-reanimatoloq Qoşqar İsmayılov deyib.

O qeyd edib ki, yanvarın 3-dən sonra yayılan infeksiyalar isə influenzalardır.

“Bunlar daha çox virus infeksiyası olduğu üçün qrip formasında özünü göstərir. Əsasən boğaz ağırısı, yüksək hərarət, halsızlıq, kürəkdə və ayaqlarda əzələ ağrıları şəklində özünü göstərir. Bəzən 3-4 gün ərzində hərarət 39-40 dərəcəyə yüksəlir və bu interval qısa olur. Hərarət salıcıların qəbul edilməsinə baxmayaraq, yüksək hərarət bəzən yarım gün, bir gün davam edir”, – deyə o bildirib.


Q.İsmayılov bildirib ki, bu virusa yoluxan zaman mütləq şəkildə həkimə müraciət olunmalı və müayinə edilməldir.

“Əgər mümkündürsə, ev şəraitində ambulator müacilə alınmalıdır. Vəziyyət ağırdırsa, hospitalizasiya olunaraq stansionar qaydada müalicə davam etdirilməlidir. Evdə müalicə alan uşaqlar tam sağalmadan məktəbə və ya bağçaya göndərilməməlidir. Xəstəlik ailədə böyüklərə də keçdiyi üçün ailəvi olaraq müalicə alınması daha uyğundur. Təbii ki, burada eyni zamanda düzgün qidalanma, dərman preparatlarının, vitaminlərin qəbulu vacibdir”, – deyə o vurğulayıb.

Teqlər: