“Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən dastanı” filminin təqdimatı olub (FOTO)

Xəbər - Samir Əli – Trend:

Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanmış, şəhid və qazilərimiz haqqında məlumatları özündə cəmləşdirən “Unudulmazlar” mobil tətbiqinin ilkin tanıtımı və “Vətən Dastanı” filminin təqdimatı olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, QHT nümayəndələri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

V.Behbudov bu tədbirin 26 İyun-Azərbaycan Respunlikasının Silahlı Qüvvələr günü ərəfəsində keçirildiyini bildirib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, rəşadətli Silahlı Qüvvələrimizin xalqımız üçün qürur mənbəyi olduğunu vurğulayıb.

Qeyd edib ki, “Unudulmazlar” mobil tətbiqi də ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan, onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən yeni layihədir.

Mobil tətbiq rayonlar üzrə də axtarış imkanı verir, qeyd olunan kateqoriyalara aid şəxslər barədə foto, video və bioqrafiya məlumatlarına əlçatanlığı təmin edir.

Agentlik sədri “Unudulmazlar” mobil tətbiqində haqqında məlumat yerləşdirilən şəxsin döyüş yolu, təltif və medalları barədə də məlumatların yer aldığını qeyd edib.

O, həmçinin Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanan “Vətən dastanı” filmindən bəhs edib. Filmin tarixi Zəfərimizə həsr olunduğunu bildirib. Digər çıxış edənlər “Unudulmazlar” layihəsinin və “Vətən dastanı” filminin əhəmiyyətindən bəhs ediblər.

Sonra “Vətən dastanı” filmi təqdim edilib.

Film ötən əsrin sonlarından başlayaraq erməni təcavüzkarlarının Azərbaycana qarşı baş qaldıran yeni ərazi iddiaları, 30 ilə yaxın müddətdə davam edən işğal faktı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edir.
Filmdə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində uğurlu hərbi əməliyyatları, qəhrəman Vətən övladlarının bu müharibədə keçdikləri şərəfli döyüş yolu əks olunur. Onların yaşadıqları hadisələr, göstərdikləri qəhrəmanlıqlar öz dillərindən təqdim olunur.

Teqlər: