Universitetlərdə imtahan sessiyaları ləğv edilir?

Universitetlərdə imtahan sessiyaları ləğv edilir?

Etiraf edək ki, Azərbaycan ali təhsil müəssisələrində ciddi şəkildə struktur islahatlarına, məzmun dəyişikliklərinə ehtiyac var. İqtisad Universitetinin rektoru Muradovun qeyd etdiyi kimi, təhsildə belə yeniliklər lazımdır.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Kamran Əsədov İqtisad Universitetinin rektoru Ədalət Muradovun imtahan sessiyalarının ləğvi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanda semestr imtahan formatı SSRİ dövründən qaldığına görə burada hazırlanan kadrlar mütəxəssis ola bilmirlər:

“Yəni təhsil modeli birmənalı şəkildə yenilənməlidir. Ədalət müəllim onu da qeyd edib ki, tələbələr layihə əsasında qiymətləndirilməlidir. Təbii ki, bu, bütün sahələrə aid ola biləcək yenilik deyil. Yəni bütün fənlərdən layihə yazmaqla bağlı yanaşmanı tətbiq etmək olmaz. Çünki layihənin yazılması üçün öncə layihə dərsləri keçirilməlidir. Tutaq ki, bir universitetdə Azərbaycan tarixi dərsini keçən bir müəllim, sadəcə Azərbaycan tarixinin xronologiyasının faktlarla məzmununu qeyd edə bilər. Amma o layihə yaza bilirmi, bu ayrı bir məsələdir. Layihə yazılması özü ayrıca bir fənn, sahə və istiqamətdir və müasir dövrün tələblərindən biridir”.

Ekspertin sözlərinə görə, tətbiq edilən yenilik semestrdə analiz olunmalıdır:

“Yəni nəyi dəyişmək lazımdır və burada hansı gözləntilərimiz var, – bunu bilməliyik. Məsələn, İqtisad Universitetinin indiyə qədər keçirdiyi imtahanların məzmunu əmək bazarının tələbinə uyğun kadr hazırlamağa imkan verirdimi və yaxud verirmi? Biz bunu təhlil etməliyik”.

Ekspert həmçinin onu da qeyd edib ki, layihə yazılması çox çətin bir sahədir:

“Dünyanın bütün inkişaf etmiş ölkələrində biliyin bu və ya digər formalarda qiymətləndirməsinin üsulları var. Biliyin qiymətləndirilməsi üçün layihə yeganə üsul ola bilməz. Ola bilər ki, İqtisad Universiteti bunu yalnız 4-cü kursda tətbiq etsin. 1, 2 və 3-cü kurslarda bunu etmək düzgün deyil. Məsələn, 1-ci kursa təzə gəlmiş tələbə həmin fənni öyrənəcək, amma ayırca bir layihə yazmaq imkanı olmayacaq. Bir tələbə bir semestr ərzində 6 fənn keçir və bunun qiymətləndirilməsi Nazirlər Kabinetinin biliyin qiymətləndirmə meyarlarına və standartlarına uyğun həyata keçirilir. Azərbaycan 2005-ci ildən balonya sisteminə qoşulub və düşünürəm ki, burada layihə yazılması var, amma bu zaman semestr qiymətləndirməsi də nəzərdə tutulub”.

Teqlər: