Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib

“Unibank” KB ASC -nin ümumi dəyəri 20 milyon manat olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 9 iştirakçı tərəfindən alınıb. Sayı 20 min ədəd olan istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 9%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 18 aydır. Emissiyanın təşkilatçısı və marketmeykeri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Bu qiymətli kağızların diqqətəlayiq xüsusiyyəti onun yüksək likvidliyidir. Marketmeyker bütün dövriyyə müddətində qiymətli kağızların alqı-satqısı üçün kotirovkaların saxlanmasına zəmanət verir.

Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, ölkənin maliyyə bazarında innovasiyalar sahəsində lider olan Unibank, həmçinin dinamik inkişaf edən qiymətli kağızlar bazarında da həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk emitentlərindən biridir: “Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Banka müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını təmin etməklə yanaşı, aktiv marketmeytinq sayəsində bazara qısamüddətli likvidliyin idarə edilməsi üçün yeni alət verir. Bu alət vasitəsilə həm korporativ,həm də pərakəndə müştərilər istənilən vaxt istiqrazları ala və sata bilərlər. Bu isə onlara illik depozitlərlə müqayisə edilə bilən, lakin daha qısa müddətə gəlir təmin etmək imkan yaradacaq”.

Unibank KB ASC-nin bütün istiqrazları BFB-nin ali listinq dərəcəsi olan premium bazar seqmentinə keçirilib. Unibank korporativ sektordan artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan ilk yerli emitentdir.Qeyd edək ki, premium bazar seqmentində Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları ticarət olunur.

Teqlər: