UNESCO təməl prinsiplərə hörmət çağırışını Ermənistana ünvanlasa daha düzgün olar – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il müddətində,
sadəcə, seyrçi qalan UNESCO-nun Qarabağ münaqişəsinin həllindən
sonra aktivliyi maraq doğurur. Göz görə-görə dağıdılan, yer üzündən
silinmiş, yararsız hala gətirilmiş mədəni və tarixi abidələrin
taleyinə etinasızlıq və indiki “canıyananlıq” arasındakı fərq elə
dünya mədəni irsinin qorunması istiqamətində UNESCO-nun
fəaliyyətinin nə qədər təktərəfli və siyasiləşmiş olduğunu
göstərir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Sevil Mikayılova deyib.

O bildirib ki, dünya maddi və mədəni irsinin qorunması kimi
nəcib missiyanı öz üzərinə götürən təşkilat hər halda 1954-cu il
Haaqa Konvensiyasından yaxşı xəbərdardır və bu illər ərzində öz
mandatına və missiyasına uyğun olaraq erməni işğalçıların əsirinə
çevrilmiş mədəni-tarixi abidələrin vəziyyətinə aydınlıq gətirmək
üçün ən azı bölgəyə səfər edə bilərdi.

“Lakin gəlmədilər, baxmadılar, xilas etmək istəmədilər. Nəticə
göz önündədir. Vaxtilə Azərbayanın 20 faiz ərazisini işğal atında
saxlayan Ermənistan bu ərazilərdə sözün əsl mənasında mənəvi terror
törədib, dini, tarixi, mədəni abidələri ya özününküləşdirib, ya da
məhv edib.

UNESCO nümayəndəsinin erməni “abidələri” ilə bağlı canfəşanlığı
isə hiddət doğurur. İndi Haaqa Konvensiyasını yada salıb, işğaldan
azad olunmuş ərazlərdə yoxlama aparmaq üçün bölgəyə texniki missiya
göndərmək qərarına gəliblər. Azərbaycanın müraciətlərini uzun illər
eşitməyən UNESCO-nun qəfil hərəkətə keçməsi onun artıq humanitar
missiyasından uzaqlaşaraq siyasi alətə çevrilməsi anlamına
gəlir.

Əvvəla, Azərbaycan burada heç nəyi nə sındırıb, nə də dağıdıb.
Əksinə, ərazilərini erməni tapdağından azad etdikdən sonra
dövlətimiz miqyasına görə heç kəsi etinasız qoymayan dağıntıların,
vandalizmin nəticələrinin aradan qaldırılması üzərinə fokuslanıb.
Böyük quruculuq, bərpa işlərinə start verilib. Bura Azərbaycanın
suveren ərazisidir və maddi-mənəvi irsin qorunması isə dövlətimizin
hər zaman diqqət mərkəzindədir. Dünya mədəni irsinin qorunmasına
böyük töhfələr vermiş Azərbaycan bu ərazilərdə də tarixi irsi
yaşatmaq üçün lazımi işlər görüb və görməkdədir”, – deyə deputat
vurğulayıb.

O qeyd edib ki, mədəni-tarixi abidələr bəşəri nemətlərdir,
onların qorunması UNESCO-nu daha çox narahat etməlidir.

“UNESCO-nun ümumbəşəri dəyərləri siyasi alətə çevirmiş
Ermənistanın yalanlarına qulaq asmaqdansa, öz Nizamnaməsi, eləcə də
qəbul olunmuş uyğun beynəlxalq sənədlər çərçivəsində missiyasını
ədalətli həyata keçirməsi daha məqsədəuyğun olar. Azərbaycan
beynəlxalq öhdəliklərinə sadiqliyini daim nümayiş etdirib,
UNESCO-nun təməl prinsiplərə hörmət çağırışını mədəniyyətimizə
qarşı terror törədən Ermənistana ünvanlı şəkildə bildirməsi daha
düzgün olar”, – deyə S.Mikayılova əlavə edib.

Teqlər: