UNEC-in nümayəndə heyəti Yunanıstanın Qərbi Makedoniya Universitetində mübadilədə olublar (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə
heyəti Erasmus+ mübadilə proqramı çərçivəsində Yunanıstanın Qərbi
Makedoniya Universitetində olub.

Səfər çərçivəsində nümayəndə heyəti Qərbi Makedoniya
Universitetinin rektoru professor Theodoros Theodoulids və MOGMAT
proqramının direktoru professor Evangelos Siskos ilə görüşüb. Görüş
zamanı prof. Theodoros Theodoulids universitetdə həyata keçirilən
yeniliklər barədə məlumat verib. Bildirib ki, universitet
Yunanıstanın iqtisadi inkişafının, o cümlədən “yaşıl iqtisadiyyat”
və innovasiyanın inkişafına dəstək göstrərək, bu istiqamətdə uğurlu
beynəlxalq layihələrlə çıxış edir. Rektor UNEC ilə Qərbi Makeqoniya
Universiteti arasında həyata keçirilən “Neft və qazın menecmenti və
nəql edilməsi” (MOGMAT) üzrə birgə magistr proqramının
əhəmiyyətindən də söz açıb. Bu istiqamətdə işlərin uğurla davam
etdirildiyini, 2016-ci ildən start verilən proqtamdan indiyədək 38
nəfərin diplom aldığını magistrin birgə proqramın məzunu olduğunu,
bu il isə 135 nəfərin isə məzun olacağının gözlənildiyini deyib. O,
proqram çərçivəsində hər iki universitet arasında akademik mübadilə
və birgə elmi tədqiqatların da uğurla davam etdirildiyini diqqətə
çatdırıb. Proqramın məzunlarının Yunanıstanda, Azərbaycanda, Avropa
İttifaqına üzv olan digər ölkələrdə işgüzar idarəçilik,
iqtisadiyyat, nəqliyyat və logistika, neft-qaz texnologiyası
ixtisasları üzrə fəlsəfə doktoru elmi adını qazanmaq imkanı əldə
etdiklərini xüsusi vurğulayıb.

UNEC-in İqtisadiyyat və biznesin idarəedilməsi kafedrasının
müdiri Sevər Məmmədova, UNEC İmtahan mərkəzinin direktoru Söhrab
İsayev, Tələbə işləri üzrə mərkəzin direktoru Xalidə Yusifova, Rus
iqtisad məktəbinin direktoru Mənsur Bərxudarov, İctimaiyyətlə
əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova, rektorun köməkçisi
Şamil Əliyevin iştirakı ilə keçirilən görüşdə hər iki universitet
arasında əməkdaşlığın genişləndirilməsi, bakalavr səviyyəsində
“Beynəlxalq ticarət və logistika”, “Dizayn” ixtisasları üzrə
mübadilə və ikili diplom proqramlarının reallaşdırılması barədə
fikir mübadiləsi aparılıb və bu istiqamətdə əməkdaşlığın hər iki
universitet üçün uğurlu olacağı qeyd edilib.

Erasmus+ proqramı çərçivəsində UNEC-in struktur rəhbərləri Qərbi
Makedoniya Universitetinin müvafiq departamentlərinin iş fəaliyyəti
ilə də tanış olublar, UNEC-də tətbiq edilən yenilikəri həmkarları
ilə bölüşüblər.

Xatırladaq ki, UNEC Yunanıstanda birgə magistr proqramı
reallaşdıran ilk xarici universitetdir. UNEC ilə Qərbi Makedoniya
Universiteti arasındakı “Neft və qazın menecmenti və nəql edilməsi”
(MOGMAT) üzrə magistr proqramı 12 fənn və buraxılış işindən ibarət
olmaqla, 120 kredit təşkil edir ki, bunlardan 30 krediti UNEC-in
professor-müəllim heyəti tərəfindən Yunanıstanda tədris edilir.
Proqram çərçivəsində magistr hazırlığı ilə yanaşı, hər iki
universitet arasında akademik mübadilə və birgə elmi tədqiqatlar
aparılır. 2019-cu ildə imzalanan yeni əməkdaşlıq müqaviləsinə
əsasən, birgə magistr proqramının müddəti 2024-cü tədris ilinədək 5
il müddətinə uzadılıb.

Teqlər: